12:12 29-10-2021
news_image
328
FUTBOL

Samir Əliyev: “Neftçi” əvvəlki “Neftçi” deyil”

“Maraqlı oyun olacaq. Hamı bu derbini gözləyir”.

Bunu apasport.az saytına açıqlamasında 20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Samir Əliyev Azərbaycan Premyer Liqasının IX turunda keçiriləcək “Qarabağ” – “Neftçi” oyununu dəyərləndirərkən deyib.

Sabah baş tutacaq qarşılaşma ilə bağlı fikirlərini bölüşən 42 yaşlı mütəxəssis “Qarabağ”ın geridə qalan turda “Səbail”ə məğlubiyyətinin Azərbaycan derbisinə heç bir təsir göstərməyəcəyini düşünür: “Neftçi” son vaxtlar çempionluğa layiq oyun nümayiş etdirir. “Qarabağ” isə bu mövsüm ilk məğlubiyyətini ötən turda “Səbail”dən aldı. Amma bu nəticənin sabahkı matça heç bir psixoloji təsiri olacağını düşünmürəm. “Qarabağ”da yetərincə təcrübəli oyunçular yığışıb. “Səbail”lə qarşılaşmadakı nəticəyə süni örtüyün, “Kayrat”la görüşdən sonra futbolçularda arxayınlığın təsiri ola bilər. Ola bilsin hansısa futbolçu “Neftçi” ilə matçı düşünərək özünü qoruyub, tam gücünü ortaya qoymayıb. Təbii ki, bütün bunlar “Səbail”in qələbəsinə kölgə sala bilməz. Fikrimcə, derbidə öyrəşdiyimiz, güclü “Qarabağ” görəcəyik”.

Samir Əliyev “Neftçi” ilə “Qarabağ”ı çempionluq yarışında yeganə rəqib hesab edir. O, ağdamlıların noyabrın 4-də Konfrans Liqasının qrup mərhələsində “Kayrat”la keçirəcəyi səfər görüşü öncəsi heyətində hansısa dəyişikliyə gedəcəyinə inanmır: “Düşünmürəm ki, “Qarabağ” futbolçuları indi “Kayrat”ı fikirləşir. Çünki bu da vacib oyundur. “Neftçi” də əvvəlki “Neftçi” deyil, çempion olan komandadır. “Qarabağ”ın da çempionluq yolunda yeganə rəqibidir. Hər iki komandaya qələbə hava-su kimi lazımdır”.

“Neftçi”nin sabiq futbolçusu və baş məşqçisi bu görüşün çempionluq yolunda komandalara ciddi təsir göstərəcəyini düşünmür: “Qarşıda hələ çox oyun var. Ola bilsin ki, bu komandaların digər rəqiblərlə görüşlərdəki nəticələri çempionluq yolunda həlledici rol oynasın. Hər itirilən xal komandanı çempionluqdan uzaqlaşdırır. Şansları yarı-yarıya hesab edirəm. Hər üç nəticə sürpriz olmaz”.

Qeyd edək ki, sabah “Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu saat 18:30-da başlayacaq.