12:55 29-10-2021
news_image
208
FUTBOL

Namik Ələskərov: “Geriyə boylanmaq istəmirəm, atmosferi korlamışdı” - MÜSAHİBƏ

Türkiyənin I Liqa klubu "Bursaspor"un şərəfini qoruyan Namik Ələskərovun müsahibəsi

- Mövsümün əvvəlində işlər bir az yolunda getmirdi. O vaxt nə düşünürdün? Qorxmurdun ki, ümumiyyətlə səndə alınmaz?  
- Düzdür, start yaxşı alınmadı. Nəticələr uğursuz oldu. Amma bunu komandanın çox yeni olmasıyla əlaqələndirmək olar. Çoxlu yeni oyunçu transfer edilmişdi. Bir yerdə heç təlim-məşq toplanışı keçə bilməmişdik. Yəni söhbət təkcə məndən getmir. Artıq komanda olaraq, bir-birimizə uyğunlaşırıq. Qorxmağa gəlincə, bunu nə onda düşünürdüm, nə də indi. Qorxsaydım, burdan getməzdim. Legioner həyatı yaşamağa qərar vermişəmsə, nəticəsi nə olur-olsun, qərarımın arxasındayam. İnşallah, peşman olmaram.  

- Altı turdan sonra "Bursaspor"da artıq iki məşqçi dəyişmişdi. Problem nədəydi?
- Bu suala cavab vermək istəmirəm. Çünki geriyə boylanmaq istəmirəm. Dediyim kimi, uğursuz nəticələr atmosferi korlamışdı. Ancaq klub olaraq böhranı geridə qoyduğumuzu düşünürəm. Nəticələr də yaxşıdır. İrəliyə baxmalıyıq.

- Özcan Bizatinin gəlişindən sonra nə dəyişib ki, ardıcıl qələbə qazanırsız?
- Bizati təcrübəli mütəxəssisdir. Onun gəlişindən sonra milli komandalara görə liqada fasilə yarandı və belədə komandanın 10 günlük təlim-məşq toplanışı keçirməsinə fürsət yarandı. Bu da komandada hamının bir-birinə öyrəşməsində vacib rol oynadı. Həm məşqçi ilə, həm də futbolçular arasındakı münasibət daha da yaxşılaşdı. Bir-birimizə yaxınlaşdıq, mehribanlaşdıq, xasiyyətimizə, xarakterimizə bələd olduq. Məşqçi bu müddətdə fəlsəfəsini çatdırdı. Bir sözlə, komanda kimi yenidən formalaşdıq. Bu da nəticələrdə özünü göstərir. Kubok da daxil olmaqla, ardıcıl üç qələbə qazanmışıq. İndi çalışıb qələbə seriyasını davam etdirməliyik. 

- Sən həmin toplanışı yarımçıq tərk edib millinin düşərgəsinə qatıldın...
- Düzdür. Bununla belə, 4-5 gün bir yerdə olmağımız mənə də yaradı. 

- Artıq komandaya tam uyğunlaşmısan?
- Bəli. Artıq bir neçə aydır ki, burdayam. Həm də çox uzaqda yox, qardaş Türkiyədə olduğum üçün uyğunlaşma çox da çətin olmadı. Çünki demək olar, hər şeyimiz eynidir. Tədricən daha da yaxşı olacaq.

- Ailəni də aparmısan Bursaya? Orda ayrıca evdə qalırsan, yoxsa bazada?
- Bəli, ailəm də burda mənimlədir. Ayrıca evdə qalırıq. Şikayətim yoxdur.

- Son turda qol vurdun. Bundan başqa, hesabında 3 qol ötürməsi var. Səni komandanın aparıcı üzvü kimi qəbul edirlər?
- Düzdür, son turda fərqləndim. Qol vurmağıma çox sevindim. Amma bu o demək deyil ki, artıq komandanın aparıcı üzvünə çevrilmişəm və bütün oyunlara əsas heyətdə çıxacağam. Komandada rəqabət çox güclüdür. Mənim mövqeyimdə də yaxşı oyunçular var. Ona görə qətiyyən arxayınlaşmıram. Hər oyuna hazırlaşıb özümü yaxşı tərəfdən göstərməli olduğumu bilirəm. Mənə çox güvənirlər. Çalışıb bu inamı doğrultmalıyam. 

- Milli mövzusunda da sualımız var. Mahir Emreliyə, sənə böyük ümidlər bəslənilir.  Amma nədənsə hələki millidə alınmır. Bunun səbəbini nə ilə izah edə bilərsən?
- Razılaşmamaq olmur, millidə nəticələrimiz ürəkaçan deyil. Tək mən yox, bütün futbolçularımız başa düşür ki, hələ ümidləri doğrultmuruq. İnanın, buna görə özümüz də çox üzülürük. Amma inanırıq ki, zaman keçdikcə nəticələrimiz daha yaxşılaşacaq. Milli komanda bizim şərəfimizdir və əlimizdən gələnin ən yaxşısını edirik ki, yığmaya koməyimiz dəysin. Azarkeşləri əmin etmək istəyirəm ki, çağırılsam, bundan sonra bacardığımdan da artığını eləməyə çalışacağam (fanat.az).