11:48 30-10-2021
news_image
1095
FUTBOL

Səttar Əliyev “Qarabağ” – “Neftçi” oyunun hesabını dedi - MÜSAHİBƏ

“Qarabağ”ın U-19 komandasının baş məşqçisi Səttar Əliyevin apasport.az saytına müsahibəsi

- Sabah Azərbaycan Premyer Liqasının VIII turunda “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək. Bu matçdan nə gözləyirsiz?
- Bizim də dövrümüzdə bu iki komanda arasındakı oyunlar çox maraqlı alınıb, azarkeş ajiotajı olub. Həmçinin futbolçular arasında da prinsipiallıq var idi. Ən ciddi, məsuliyyətli görüş sayılırdı. “Neftçi” o vaxt keçmiş SSRİ-də Azərbaycanı təmsil etdiyi üçün bütün klublar ona qarşı xüsusi hazırlaşırdı. İndi isə əksinədir. “Qarabağ” Azərbaycanın üzünü ağ edən komandadır, futbolumuzun simasıdır. Bütün rəqiblər “Qarabağ”a qarşı fərqli köklənir, sona qədər mübarizə aparır. Çünki “Qarabağ” Azərbaycanla yanaşı, Avropada da sözünü demiş komandadır. Qurban Qurbanovun kollektivi ölkəmizdə son 7-8 ilin ən güclü komandasıdır.

- Ötən turda “Səbail”ə məğlubiyyətin “Neftçi” ilə görüşün hazırlıq prosesinə təsiri ola bilərmi?
- Bilirsiz, Qurban Qurbanov bir oyunla başqa fikrə düşən məşqçilərdən deyil. Əksinə, daim futbolçuların yanında olub, onlara dəstək verib. Həmçinin oyunçularda arxayınlıq yaranmasına imkan verməz. “Qarabağ”ın futbolçuları da çox peşəkardırlar, heç vaxt düşünməzlər ki, rəqib turnir cədvəlində son pillələrdədir, rahat qələbə qazanacağıq. Rəqibə hörmətsiz yanaşmazlar. Məsələn, “Səbail” cərimə zərbəsi yerinə yetirdi, top getdi düz “9-luğ”a. Yəni bəxt amili də var. Biz özümüz də futbol oynayanda bəzən elə komanda ilə oyunda xal itirmişik ki, məəttəl qalmışıq. Həmin nəticənin heç bir təsiri olmayacaq. Fikrimcə, “Neftçi” ilə görüşdə tam fərqli motivasiya olacaq. Əminəm ki, gözəl oyun olacaq.

- Ancaq etiraf edək ki, indi belə böyük oyunlarda nə azarkeşlər əvvəlki kimi ajiotaj yaradır, nə də futbolçular arasında gərginlik var...
- Tam razıyam. Bizim vaxtımızda futbola saf sevgi var idi, meydana döyüş ab-havasına çıxırdıq. İndi nəinki Azərbaycanda, bütün dünyada sevgidən çox, iş kimi yanaşırlar.

- Sabahkı oyunla bağlı proqnozunuz nədir?
- Düzdür, futbolda öncədən yüz faizli nəsə demək mümkün deyil. Amma bu mövsüm “Qarabağ”ın avrokubok oyunlarından əvvəl verdiyim proqnozların 80-90 faizi düz çıxıb. Elə “Kayrat”la Bakıdakı qarşılaşmadan əvvəl də hesabı 2:1 xeyrimizə demişdim. Məncə, “Qarabağ” bu oyunda da azarkeşlərinə 3 xal hədiyyəsi edəcək, 2:0 hesablı qələbə qazanacaq.