17:27 29-10-2021
news_image
158
FUTBOL

“Araz-Naxçıvan”ın baş məşqçisi: “Oyundan razı qalmadım”

“Çox çətin oyun oldu. Qələbə qazansaq da, komandamın oyunundan razı qalmadım”.

Apasport.az saytının məlumatına görə, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Joze Alesio da Silva Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Yunayted Qalati” ilə keçirilən oyunu dəyərləndirərkən deyib.

Braziliyalı mütəxəssis azfutzal.az-a açıqlamasında 5:3 hesablı qələbəyə baxmayaraq, istədikləri oyunu sərgiləmədiklərini etiraf edib: “Ola bilsin, “Uraqan”a qarşı çox güc sərf etdik, onun yorğunluğundan irəli gəlsin. Başlanğıc yaxşı oldu. Ardıcıl iki qol vurduq. Bunun davamını da gətirə bilərdik. Şanslarımız oldu. Sonra ötürmələrdə çoxlu səhvlərə yol verdik. Uşaqlar istəkli idilər, qələbə qazanmaq üçün çalışdılar. Ancaq səhvlərdən də qaça bilmədik. Həm də bu gün Rumıniya təmsilçisinin iki futzalçısı bizə qarşı oynamadı. Biri zədəli, digəri cəzalı idi. Uşaqlar bunu bilirdilər. Bu da görünür onlarda arxayınlıq yaratdı, konsentrasiyanı itirdik. Çox işləməliyik. Belə oynamamalıyıq. Nizam-intizam çox vacibdir. Udmaq da olar, uduzmaq da. Amma düzgün oynamaq, intizama riayət etmək lazımdır. Yenə deyirəm, düzəltməli olduğumuz məqamlar var”.

Joze Alesio da Silva qrupdakı durumlarına da toxunub: “Qrupdakı vəziyyətlə bağlı indi bir söz deyə bilmərəm. Günün ikinci oyununun nəticəsindən çox şey asılıdır. Ona görə də son matça da qələbə qazanmaq üçün çıxacağıq”.

Qeyd edək ki, “Araz-Naxçıvan” qrupda son oyununu oktyabrın 31-də Kosovo təmsilçisi “Liqeni”yə qarşı keçirəcək.