17:39 29-10-2021
news_image
521
FUTBOL

Mahir Emrelidən yayılan şəkilinə cavab: “Çoxdan çəkilib”

“Polşa mətbuatının yaydığı şəkil çoxdan çəkilib”.

Bunu apasport.az saytına açıqlamasında “Legiya”nın hücumçusu Mahir Emreli Polşa mətbuatında yayılan şəklə münasibət bildirərkən deyib.

Polşa KİV-i Azərbaycan millisinin üzvünün gecə klubunda spirtli içki qəbul etdiyini yazsa da, 24 yaşlı forvard bu iddianı təkzib edib. O, həmin şəklin avqustda çəkildiyini bildirib: “Avropa Liqası çərçivəsində “Slaviya” ilə oyundan sonra komanda üzvləri, tanışlar əylənmişdik. Mənim qarşımda isə içki yox idi. Komanda uzun müddətdən sonra Avropa Liqasının qrupuna düşmüşdü, futbolçuların da bunu qeyd etməsi normal haldır”.

Heç vaxt spirtli içki qəbul etmədiyini bildirən Mahir sabiq baş məşqçisi Çeslav Mixneviçin istefaya göndərilməsindən sonra bu xəbərlərin yayılmasını qəribə təsadüf adlandırıb: “Mən, ümumiyyətlə, içki içmirəm. Əslində, içki içsəm belə, heç kimə bunun cavabını vermək məcburiyyətində deyiləm. Sadəcə, öz inancıma görə heç vaxt içməmişəm. Amma bu o demək deyil ki, bir masa arxasında əyləşdiyim dostlarım, tanışlarım da içmir. Qəribəsi də budur ki, bütün bu söz-söhbətlər keçmiş baş məşqçi ayrıldıqdan sonra yayılmağa başlayıb. Əslində ortada şərh veriləsi bir şey yoxdur. Mənim üçün bu xəbərlər elə də önəmli deyil”.