15:54 31-10-2021
news_image
1210
FUTBOL

Allahverdi Bağırova verdiyi sözü tutdu: “100 min təklif eləsə, razılıq vermərəm”

“Torpaqlarımız işğaldan azad olunan kimi dedim ki, mənə başqa təklif olmasın, “Qarabağ”a qayıdacağam. Premyer Liqadan iki təklifim var idi, amma verdiyim sözü tutmalı idim”.

Bunu apasport.az saytına “Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Səttar Əliyev deyib.

Bu il Ağdam təmsilçisinə məşqçi kimi qayıdan “Qarabağ”ın sabiq futbolçusu seçimini belə əsaslandırıb: “Qarabağ”da oynadıqdan sonra başqa komandalarda olmuşdum. Həmişə söz vermişdim ki, Ağdam işğaldan azad olunandan sonra başqa klub 100 min manat da təklif eləsə, onlara təşəkkür edib, razılıq vermərəm. Çünki milli qəhrəmanlarımız Allahverdi Bağırov və Asif Məhərrəmova söz vermişdim ki, bu komanda ilə Ağdama qayıdacağam. Ona görə də yenidən doğma komandama döndüm. Əvvəlki işimdə buradakından iki dəfə artıq maaş alırdım. Məni bura sevgi qaytardı. Klubun direktoru Əmrah Çəlikəlin dəstəyini hər zaman hiss edirəm. Hətta mənə o vaxt demişdi ki, “Qarabağ” sənin öz komandandır, nə vaxt istəsən qayıda bilərsən”.

Səttar Əliyev 40 yaşına qədər futbol oynamasının səbəbini də açıqlayıb. O, bununla “Qarabağ”ın keçmiş futbolçusu və baş məşqçisi, I Qarabağ Müharibəsində şəhid olmuş Milli Qəhrəman Allahverdi Bağırovun sözünü yerə salmadığını söyləyib: “O vaxt biz döyüşə gedəndə Asif Məhərrəmov qoymadı, dedi ki, siz ən sonda gələrsiniz. Allahverdi Bağırov da mənə demişdi ki, 40 yaşına qədər futbol oynayacaqsan. Onun sözünü yerinə yetirmək üçün 40 yaşıma qədər oynadım. Allahverdi də, Asif də bizim “Qarabağ”ı Ağdama qaytaracağımızı söyləmişdi. Onlara verdiyim sözün üstündə durdum”.

Əliyev həmçinin “Qarabağ”n ölkə çempionluğunu qazanmasını və kuboku Ağdama aparmasını arzuladığını dilə gətirib: “Qarabağ”ın bu il çempionluğu qazanıb, kuboku Ağdama aparmasını çox arzulayıram”.