14:43 31-10-2021
news_image
244
FUTBOL

Futbolçu dönəmində həbsə düşən tanınmışlar - ADLAR

“Mançester Siti”nin futbolçusu Benjamin Mendinin 2022-ci ilə qədər həbsdə qalacağı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, dörd zorlama və bir cinsi təcavüzlə ittiham olunan müdafiəçinin girov müqabilində azadlığa buraxılması tələbi rədd edilib.

Bu yazıda da məhz indiyə qədər həbs cəzasına məhkum edilən bəzi tanınmış futbolçuları xatırlayacağıq. Üstəlik, seçilən şəxslər futbolçu karyerası dönəmində bu cəza ilə üzləşib.

1. Qavin Qrant
Qrant karyerası davam edərkən ən ağır həbs cəzası alan futbolçu kimi tarixə düşüb. 2005-ci ildə Camall Murun öldürülməsi səbəbindən hakim qarşısına çıxsa da, günahsız hesab olunub. 2010-cu ildə isə bu dəfə 21 yaşlı Leon Labastidenin öldürülməsində günahkar bilinərək ömürlük həbs cəzası alıb.

2. Tanju Çolak
Türkiyə futbolunun əfsanələrindən olan Tanju Çolak “İstanbulspor”da oynadığı dönəmdə aldığı avtomobil oğurlu çıxıb. Bu səbəbdən Çolaka 9 illik iş kəsilib. Həmin vaxt ölkə xaricinə gedən Türkiyə millisinin sabiq üzvü Skopyedə yaxalanaraq, Türkiyəyə gətirilib. 23 ay həbsdə qalan Çolak daha sonra yaşıl meydanlara qayıtmayıb.

3. Yan Rayt
“Arsenal”ın və Premyer Liqanın unudulmaz qolçuları sırasında göstərilən Rayt yeni aldığı avtomobilin vergi sığortasını ödəmədiyi üçün 2 həftəlik həbs cəzası alıb. Müddət qısa görünsə də, bu, sabiq forvardın həyatına ciddi şəkildə təsir göstərib. O, cəzası başa çatan gün göz yaşlarını saxlaya bilməyib.

4. Çed Evans
“Mançester Siti” akademiyasında yetişən və Uels yığmasının heyətində 13 oyun keçirən Çed Evans 2012-ci ildə 19 yaşında olarkən bir qadına təcavüz etdiyi üçün 5 il həbs cəzasına məruz qalıb. Bunun 4 ilini dəmir barmaqlıqlar ardında keçirdikdən sonra azadlığa buraxılıb. Yüksək məhkəmə Evansın bunu qanunsuz hesab edərək, onun yenidən həbsi üçün şikayət edib. Lakin bu dəfə qərar oyunçunun xeyrinə çıxıb. Hazırda 32 yaşı olan Evans Çempionşip təmsilçisi “Preston”da karyerasını davam etdirir.

5. Bruno Fernandes de Souza
Bruno futbolçu kimi yox, cinayət səbəbindən məşhurlaşıb. O, Braziliyada “Flamenqo”nun qapısını qoruduğu zaman sevgilisini öldürdüyü və cəsədini gizlədiyi üçün 22 illik həbs cəzası alıb. Ancaq de Souza həbsxanada 7 il qalıb.

6. Cermeyn Pennant
“Arsenal” və “Liverpul” kimi nəhənglərin formasını geyinmiş Pennant sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün 3 aylıq cəza aldı. Bunun 1 ayını həbsdə keçirən İngiltərə millisinin sabiq üzvü şərti azadlığa buraxılıb.

7. Corc Best
Bütün dövrlərin ən yaxşı futbolçularından sayılan Corc Best sürətli həyat tərzinin qurbanı olub. Alkol problemini heç cür yoluna qoya bilməyən Best karyerasının sonlarında sərxoş vəziyyətdə avtomobil idarə edərkən yaxalanıb. Bununla yanaşı, polisə də hücum çəkincə 3 aylıq həbs cəzasına məhkum edilib.

8. Erik Kantona
Futbolun üsyançı simalarından olan Kantona “Kristal Pelas”la bir oyunda qəfildən rəqib azarkeşlərdən birinə hücum edib. Azarkeşin ona nə dediyi məlum olmasa da, fransız əfsanəsi bu hərəkətinə görə 2 həftə həbs cəzası alıb. 24 saatdan sonra azadlığa buraxılan Kantonanın cəzası 120 saatlıq dövlət qulluğuna dəyişdirilib.