18:27 30-10-2021
news_image
121
FUTBOL

Sənan Qurbanov: “Onu dərhal kəsib atmaq olmaz”

“Oyuna fərqli hazırlaşmışdıq. Futbolçular əllərindən gələni elədilər, amma istədiyimiz heç cür alınmadı”. 

Apasport.az saytının məlumatına görə, bunu “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının IX turunda “Zirə” ilə oyun barədə danışarkən deyib.

Zirə İdman Kompleksinin stadionunda baş tutan görüşdə qəsəbə təmsilçisi 0:2 hesabı ilə məğlub olub.

Oyunsonrası mətbuat konfransında Qurbanov komandasının çıxışını dəyərləndirib: “Matçın startı bəlkə biz istədiyimiz kimi olmadı. Birinci hissədə də, ikinci hissədə də qol imkanlarımız oldu, reallaşdıra bilmədik. Bizim bir problemimiz var ki, qol vura bilmirik. Futbolçulara xəbərdarlıq da etmişdik ki, şanslarımız olacaq, yararlanmaq lazımdır. “Zirə” səfərində oynamaq çətindir. Bu üzdən real qol epizodlarından istifadə etməliydik. Bilirdik ki, əks halda psixoloji gərginlik olacaq. Neqativ məqamı fikirləşmişdik, o da başımıza gəldi. Məğlubiyyətlər komandaya pis təsir edir, inamsızlıq yaradır”.

- Komandada enişli-yüksəlişli nəticələrin səbəbi nədir?
- Bəzən həddən artıq qələbə qazanmaq istəyi mənfi təsir edir. Bunlar açıq futbola, səhvlərə gətirib çıxarır. Bunu orta səviyyəyə gətirib çıxarmalıyıq. Komandada qeyri-stabillik var.

- İlkin Qırtımovun iştirak ərizəsində olmamasının səbəbi nə idi?
- Dünən gecədən İlkinin hərarəti oldu. Səhər də vəziyyəti yaxşı deyildi, özünü yaxşı hiss eləmirdi. Koronavirus testi verdi, cavabı neqativ çıxdı. Adi soyuqdəymədir.

- Miyuşko Boyoviç xeyli müddətdir komandadan ayrıdır və Rəhman Hacıyev də zədəlidir. Onların hazırkı durumu nə yerdədir?
- Hər ikisi zədəlidir, fərdi məşqlər edirlər. Rəhmanın qısa müddət sonra sıraya qayıtması gözlənilir.

- Birinci divizionda qolları sıralayan Anatole Abanq bu gün meydanda çox çalışsa da, qol vura bilmədi...
- Abanq istəkli idi. Nəzərə alaq ki, birinci divizionda gənclər çoxluq təşkil edir. Düzdür, hücumçu şans əldə edirsə, bunu qola çevirməlidir. Qapıçıdan başlayaraq bütün komanda qol üçün çalışır. Abanq da bu gün vuruşdu, qol imkanları oldu. İnanıram ki, gələcəkdə bu problemləri aradan qaldıra biləcək.

- “Qəbələ” ilə ötən tur matçından sonra bildirmişdiniz ki, növbəti oyunda Kamal Bayramov qapıda dayana bilər. Yenidən Stanislav Namaşkonun çərçivədə durmasının səbəbi nə idi?
- Həmin oyundakı səhvdən sonra Namaşko özünü yaxşı hiss eləmirdi. Səhv hamıda olur. Futbolçuya dəstək vermək lazımdır. Dərhal kəsib atmaq da olmaz. Namaşkonun o səhvlə yaşamasını istəmirdim. O, təcrübəli oyunçudur.