20:57 30-10-2021
news_image
3332
FUTBOL

Qurban Qurbanov: “Bu hal təkrarlanmayacaq”

“Bu gün futbolçularımız çox yaxşı mübarizə apardılar”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının IX turunda “Neftçi” üzərində qazanılan 4:0 hesablı qələbəni dəyərləndirərkən deyib.

Əzəli rəqibini darmadağın edən ağdamlılar xallarının sayını 20-yə yüksəldərək, vahid liderliyi ələ keçirib. Qurbanov oyunsonrası mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Bəzi texniki məqamlar çatmaya bilər. Amma ümumən futbolçulardan razıyam. Çox yaxşı komandaya qalib gəldik. “Neftçi”nin yüksək bacarıqlı futbolçuları var”.

- Demək olar ki, bu gün asan qələbə qazandınız?
- Bəlkə də, ən çətin oyunlarımızdan biri idi. Hesab asan göstərə bilər. Amma bu komandaya qarşı 90 dəqiqə diqqətli olmalıyıq, çox güc sərf etməliyik. “Kayrat”la oyundan sonra çox çətin proqramdayıq. Bu təqvim sıxlığı da davam edir. Diqqət etməli perioddayıq. Deməzdim ki, futbolçu sayı bizdə həddən artıq çoxdur. Biz də rotasiya edirik, bəzən effektli, bəzən effektsiz olur. “Səbail”lə görüşdə meydança amili futbolçuları ikiqat yordu. Bərpa müddəti çox vaxt alır. Sona kimi gördünüz ki, gərgin oyun getdi, “Neftçi” də təslim olmurdu.

- Azarkeşlərin rəqib komandanın baş məşqçisini istefaya səsləməsini necə qarşılayırsınız?
- Bu məsələyə qarışmaq bəlkə də, səlahiyyətimdə deyil. Amma etirazlarımı bildirdim. Mənə görə xoş deyil. Özləri də açıqlama vermişdilər ki, azarkeşləri aqressiv edək ki, ajiotaj böyüsün. Həmişə demişəm ki, hamıya hörmətlə yanaşmalıyıq. Azarkeş azaddır, onların öz düşüncələri var. Amma bizim azarkeşlərin hansısa komandanın baş məşqçisinə istefa şüarı səsləndirməsini istəmirəm. Hətta öz məşqçilərinə də bu şüarı səsləndirməsini istəmirəm. Bizim azarkeşlə bu komandanı həddən artıq çox istəyirlər. Bəlkə də, bu sevgi çox olanda əlavə bir şey axtarırsan. Hətta öz məşqçini yola salanda da hörmətlə yola salmaq lazımdır. Çünki baş məşqçi də boş vaxt keçirmək istəmir, uğur qazanmağa çalışır. Xüsusən də, Samir Abasov haqda bunu demək xoş olmadı. Hamımız bir yerdə oynayan, böyüyən insanlarıq. Məşqçilərimizin hamısının irəli getməsini istəyirəm. Onlara da dəstək lazımdır. Çox ümid edirdim, arxayın idim ki, bu hal təkrarlanmayacaq. Amma oyunun tələbləri, aqressivliyi başqadır.

- “Qarabağ”ın rəhbəri Tahir Gözəl komandanızı Konfrans Liqasının finalında görmək istədiyini bildirib. Bu barədə nə deyə bilərsiniz?
- İstək çox böyük olur, hamımızın istəyi var. Hər oyuna ehtiyatla yanaşmalıyıq, çalışmalıyıq səhv etməyək. Bu turnirdə tez səhv edən məğlub olur. Hər bir rəhbər daha böyük uğur istəyir.