23:30 30-10-2021
news_image
1945
FUTBOL

Tahir Gözəl: “Qarabağ” elə bir duruma gəlib ki, bunu etmək mümkün deyil” - MÜSAHİBƏ

“Qarabağ”ın prezidenti Tahir Gözəl Azərbaycan Premyer Liqasının IX turunda “Neftçi” üzərində qazanılan 4:0 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb.

Apasport.az saytının məlumatına görə, o, həm bugünkü matçı dəyərləndirib, həm də klubun avrokuboklardakı hədəflərindən söz açıb.

- Komandanızın böyük hesabla qalib gəldiyi matçı necə şərh edərdiniz?
- “Qarabağ”ı təbrik edirəm, çox gözəl, layiqli qələbə qazandıq. Əla oyun alındı. “Neftçi” ilə “Qarabağ”ın dueli mənim üçün iki şirin savaşıdır. Bizim üçün çox önəmli oyun olduğu üçün şəxsən izləmək istədim. Ötən mövsüm onlar şanslı idi, qələbə qazanmışdılar. Buna görə də bugünkü qələbə mənə həzz verdi. Birinci hissədə üstün idik, çox gözəl çıxış etdik. Fasilədən sonra “Neftçi” oyunu ələ almağa çalışdı. “Neftçi”nin bütün komanda ilə hücuma atılması bizə 4-cü qolu vurmaq fürsəti yaratdı. Komandamı təbrik edirəm. Xüsusən də, Konfrans Liqasının qrup mərhələsində “Kayrat”la oyunöncəsi bu qələbə bizim üçün çox lazım idi.

- Bu qələbə çempionluq yolunda böyük rol oynayacaq, yoxsa mövsümün sonuna hələ çox var?
- Çempionat çox uzun yoldur, marafondur. Öncədən heç vaxt sevinmək olmaz. 1989-cu il heç vaxt yadımdan çıxmır. “Qalatasaray” “Fənərbaxça”nı 3:0 hesabı ilə üstələyirdi. İkinci hissədə “Fənərbaxça” 4 qol vurub, 4:3 hesablı qələbə qazandı. Futbol belə oyundur. Əlbəttə ki, həftədə iki oyun keçirmək bizim üçün ağırdır. Şərait də tam ürəkaçan deyil. Çünki bəzi meydançalarımız yaxşı deyil. Məsələn, ötən turda “Səbail”lə səfər oyunu zamanı meydançanın durumu bizi çox narahat etdi. Həmçinin “Keşlə”nin meydançasında oynayanda futbolçularımızın zədələnməsindən qorxuruq. Çempion olmaq çətin prosesdir. Amma hazırkı vəziyyətimiz yaxşıdır.

- Komandanız noyabrın 4-də “Kayrat”la səfərdə üz-üzə gələcək. Nəhayət, pley-off mərhələsinə vəsiqə qazana biləcəksiniz?
- Qurban hoca bu il çox gözəl komanda yaradıb. Hesab edirəm ki, bu mövsüm maksimum şans əldə etmək imkanımız var. “Qarabağ” bu məsuliyyəti dərk etməlidir. Pley-offun qapılarına gəlmişik. Bu məsuliyyət hissi ilə də Qazaxıstana gedib, oradan qələbə ilə dönmək lazımdır.

- Bu mövsümdəki “Qarabağ”ın əsas gücünü nədə görürsünüz?
- Bilirsiniz, bəzən bir az da bəxt amili olur. Futbolçuların tempə düşməyindən çox şey asılı olur. Öz yetirmələrimizdən, həmçinin Ramil Şeydayevdən xeyir görürük. Klubların yüksəliş illəri olur. Məncə, buna görə ilk növbədə Qurban hocanı təbrik etmək lazımdır. “Qarabağ” sistemini təkmilləşdirib, özünü yeniləyən klubdur.

- Necə düşünürsünüz, “Qarabağ” bu mövsüm Konfrans Liqasında hara qədər irəliləyə bilər? Final ola bilərmi?
- Onu baxıb görəcəyik. Niyə də olmasın? Bir dəfə “Dnepr” bizim qrupdan çıxıb finala qədər getdi. Niyə “Qarabağ” da getməsin? Biz özümüzə inanırıq. Neçə il əvvəl bir iclasımızda dedik ki, artıq Avropada uğurlu çıxış edək. Məncə, artıq yarımfinal, final oynamaq zamanıdır. Ancaq hər şey üçün müəyyən proses lazımdır.

- Bunun üçün heyətin gücləndirilməsi tələb olunur. Qış fasiləsində bunun üçün hansı addımlar atmağı düşünürsünüz?
- Deyə bilmərəm ki, Qurban hoca da, biz də futbolçu axtarışındayıq. Komanda stabil oynayır və gözəl görünür, eyni tempdə irəliləyir. Amma Qurban hoca tərəfindən bir istək olsa, rəhbərlik olaraq cavab verməyə hazırıq.

- Ağdam da artıq işğaldan azad olunub. “İmarət”in bərpası barədə hansısa işlər görmək planınız varmı?
- Bu, dövlət işidir. Gərək başa düşək ki, “Qarabağ”ın yalnız bir sponsoru var, o da “Azersun”dur. “Azersun”da çalışan 17 min insanın zəhməti hesabına bu klub ayaqda durur. Bu klubu saxlamaq, doğrudan da, böyük zəhmətdir. Gəliri də çox azdır. UEFA-dan gələn qazanc heç vaxt özünü doğrultmur. İki yolumuz var. Ya böyük həvəsimizdən, iddialarımızdan vaz keçək, klubun büdcəsini aşağı salaq, yığılan pulları da investisiyaya çevirək. Onda “Qarabağ” bugünkü kimi olmaz. Amma “Qarabağ” elə bir duruma gəlib ki, bunu etmək mümkün deyil. “Qarabağ” adını oradan çəkib aşağı çəkmək, ikinci dərəcəli klub etmək mümkün deyil. Buna görə də hesab edirəm ki, bu, dövlətin layihəsi, siyasətidir. “Qarabağ”ı Avropada görmək istəyiriksə, heç bir futbolçunu Ağdama aparmaq imkanım yoxdur. Heç kimi başa sala bilmərəm ki, gedib Ağdamda oynayaq. Onların özlərinə, ailələrinə şərait yaratmaq lazımdır. Qarabağımızı işğaldan azad etdik. Orada görüləsi işlər hələ çoxdur. İnşallah, vaxt gələr dövlət bunların təməlini qoyar.