18:42 31-10-2021
news_image
134
FUTBOL

Elmar Baxşıyev: “Toparlana bilmədik”

“Bizi çətin oyun gözlədiyini bilirdik. Vərəqə limitinə görə iki futbolçumuz oyunu buraxırdı, itkilərimiz var idi. Heyətdə rotasiya etməyə məcbur idik”.

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının IX turunda “Sabah”la keçirilən oyun barədə danışarkən deyib.

Rəqibini doğma arenasında qəbul edən “qırmızı-qaralar” meydanı 1:3 hesablı məğlubiyyətlə tərk edib. Baxşıyev qarşılaşmadan sonrakı mətbuat konfransında komandasından razılıq bildirib: “İlk yarıda komanda verilən tapşırığı yerinə yetirə bilirdi. Sadə qol epizodları da yaradırdıq. Qapımızda kuryoz qol gördük. Ondan sonra komanda olaraq toparlana bilmədik. Amma ikinci hissədə öz oyun dəst-xəttimizi göstərməyə çalışdıq. Ümumi götürdükdə komandamın çıxışından razıyam. İnanıram ki, qarşıdakı matçları daha yaxşı keçirəcəyik”.

“Qəbələ” qələbə qazansaydı, turnir cədvəlində ikinci yerə yüksələcəkdi. Çalışdırıcı bu barədə düşünmədiklərini vurğulayıb: “Nə məndə, nə də komandada “ikinci yerə çıxmalıyıq” anlayışı yox idi. Yalnız qarşıdakı oyunu düşünürük. Bilirik ki, mövsüm uzundur. Əlbəttə ki, yuxarı yerlər uğrunda mübarizə aparacağıq, hər matçda iddiamızı ortaya qoymağa çalışacağıq. Bəzən alınacaq, bəzən yox. Ancaq komandanın bunun üçün əlindən gələn hər şeyi edəcəyinə inanıram”.