18:44 31-10-2021
news_image
150
FUTBOL

Joze Alesio: "Bunu etmədinsə, yekun istədiyin kimi olmayacaq"

“İkinci oyundan sonra uşaqlarla iclasımız oldu. Oyun intizamı və konsantrasiya ilə bağlı söhbət etdik, tapşırıqlar verdim”.

Apasport.az saytının məlumatına görə, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Joze Alesio da Silva futzal üzrə Çempionlar Liqasının əsas mərhələsində Kosovo “Liqeni”si ilə keçirilən son oyun barədə danışarkən deyib.

6:6 hesablı heç-heçə ilə yekunlaşan qarşılaşmanı dəyərləndirən braziliyalı mütəxəssis əsas problemlərinin nədən qaynaqlandığını söyləyib: “Bugünkü oyuna yaxşı başladıq. Ardıcıl 4 qol vurduq. Meydanda əsl mən istəyən oyunu, tapşırıqları icra edən komandanı gördüm. Sonrakı dəqiqələrdə fiziki planda müəyyən axsamalar var idi. Ancaq hər şeyi buna bağlamaq olmaz. Çünki meydana çıxana futzalçı maksimum 2-3 dəqiqə oyunda qalırdı. Hesab 6:2 olduqdan sonra oyun konsantrasiyasında və intizamında müəyyən problemlər yaşadıq”.

Da Silva ilk iki matçla müqayisədə bu dəfə komandasından müəyyən mənada razı qalıb. Ancaq o, xoşlamadığı məqamları da sadalayıb: “Yadınızdadırsa, ikinci oyundan sonra çox narazı qaldığımı demişdim. Ancaq bu gün fərqli oynadıq. Daha dorğusu, 30 dəqiqəni fərqli keçirdik. Mübarizə apardıq, intizama sadiq qaldıq. Amma sona 10 dəqiqə qalmış qopmalar oldu. Sanki uşaqlar oyunun başa çatdığını və qələbə qazandığımızı düşünürdülər. Lakin idman belə şeyləri sevmir. Hakimin final fitinə qədər mübarizə aparmalısan. Bunu etmədinsə, yekun istədiyin kimi olmayacaq”.

Qeyd edək ki, B yolunun 6-cı qrupunda 4 xalla 2-ci yeri tutan “Araz-Naxçıvan” elit-raunda vəsiqə qazana bilməyib.