20:18 31-10-2021
news_image
325
STOLÜSTÜ OYUNLAR

Teymur gerilədi, Şəhriyar mövqeyini qorudu – 1 şahmatçımız “Top-100”ü tərk etdi

Şahmatçıların FİDE reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, sentyabr reytinqində bəzi dəyişikliklər olub.

“Top-100”də Azərbaycanın 4 kişi şahmatçısı yer alıb. Millimizin ən yaxşısı Şəhriyar Məmmədyarov 2765 xalla 11-ci yerdə qalıb.

Ondan fərqli, Teymur Rəcəbov 1 rəqibini özündən irəli buraxıb. Qrossmeysterimiz 2763 xalla 13-cü pilləyə enib.

3 pillə geriləyən Rauf Məmmədov (2673) 61-ci, 7 rəqibindən aşağı  düşən Qədir Hüseynov (2665) 74-cüdür. 

Millimizdən ayrılmasına baxmayaraq, təmsilçimiz kimi göstərilən və son siyahıda 75-ci olan Arkadi Naydiç isə “Top-100”ü tərk edib.

Cədvələ norveçli Maqnus Karlsen başçılıq edir – 2855 xal. Dinq Lirenin (Çin) 2799 xalla ikinci pilləyə qalxdığı siyahıda Fabiano Karuana (ABŞ) 2791 xalla üçüncü yerə düşüb.

Qadın şahmatçılar sırasında isə yenə 3 həmyerlimiz yer alıb. Yığma üzvlərindən Günay Məmmədzadə 2459 xalla 25-ci yeri qoruyub. 3 pillə irəliləyən Gülnar Məmmədova 2395 xalla 64-cüdür. Mövqeyini qoruyan Xanım Balacayeva yenə 91-ci sırada qərarlaşıb – 2369 xal.

Qadın zəka sahiblərinin cədvəlində Yifan Hou (Çin, 2658) liderliyini qoruyub. Aleksandra Qoryaçkina (Rusiya, 2604) ikinci, Humpi Koneru (Hindistan, 2586) üçüncüdür.