20:53 31-10-2021
news_image
753
FUTBOL

Ayxan Abbasov: “Onlara bəsdir, dincəlsinlər, oyunlara komissar kimi gəlsinlər”

“Futbolçularımı təbrik edirəm, azarkeşlərə təşəkkür edirəm. Bu gün dəstəyə ehtiyacımız var idi. Onu da azarkeşlərdən gördük. Hiss olundu ki, Sumqayıtda oynayırıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının IX turunda “Səbail” üzərində 2:0 hesabı ilə qələbə qazandıqları oyundan sonra deyib.

6 matçlıq fasilədən sonra qalibiyyət sevinci yaşayan “gənclik şəhəri” təmsilçisində gənc çalışdırıcı mətbuat konfransında komandasının çıxışını dəyərləndirib: “Çempionatın önəmli yerində idik. Bu gün xal itirmək, qələbə qazanmamaq rəqiblərdən uzaqlaşmağa, futbolçuların psixoloji problemlərinin yaranmasına səbəb ola bilərdi. Amma mövsümün sonunda nə olur-olsun, bu futbolçuların arxasındayam. “Sumqayıt”da 4-cü ilim tamam olur. Bu 4 ildə çox ilklərə imza atmışıq, nailiyyətlərimiz var. Bu, “Sumqayıt” üçün böyük uğurdur. Bunları da ilk növbədə futbolçulara borcluyuq. Futbolçu zəif oynaya, formada olmaya bilər. Milliyə gedənlər, zədədən qayıdanlar olur. İstənilən halda onların arxasındayam, belə də davam edəcəyəm. Bu mövsüm də sona qədər vuruşmağa çalışacağıq. Bizim üçün çətindir. Keçən il də çətin idi, amma inandıq, sona qədər mübarizə apardıq. Çətin anlarda baş məşqçi kimi komandanın arxasında durmaq lazımdır. Yolumuza davam edəcəyik”.

- Səid Rza qoldan sonra azarkeşləri coşdurdu. Onun start heyətində yer alması nə ilə əlaqədar idi?
- Heyətdə bəzi dəyişikliklər eləmişdik. Sistemdə də dəyişikliyə əl atmışdıq. Rəqibi də təbrik etmək lazımdır. Yaxın dostum, qardaşım Aftandil Hacıyevin orada nə kimi çətinliklərlə üzləşdiyini bilirəm. “Qarabağ”ı udub, bizim üstümüzə yaxşı vəziyyətdə gəlmişdilər. Futbolçularında o inam var idi. İlk dəqiqələrdə həm iki hücumçu ilə oynamaq, həm də rəqibə meydanın onlara aid hissəsində təzyiq etmək istədik. Bu da alındı. Həm Səid, həm də Əli Qurbani ilk dəqiqələrdən aktiv oldular. Bəlkə də, toplar itirdilər, qol vura bilmədilər. Amma rəqibin üstünlüyünə imkan vermədik. Səid inandığımız futbolçulardandır, yeni gəlib. İran çempionatından gəlib, Azərbaycan çempionatına uyğunlaşmaq çox çətin olur. Çünki tam başqa oyun olur. Ancaq yaxşı potensialı var. Mənə yüz hücumçu göndərməyiblər ki, birini seçim. İmkanımız maksimum nəyə çatır, biz də ondan döyüşkən komanda formalaşdırmağa çalışırıq. Səid də qol vurdu, azarkeşləri coşdurdu. “Sumqayıt” azarkeşləri qoldan sonra belə jestləri xoşlayırlar. Yəqin ki, onu daha çox sevəcəklər. Ümid edək ki, bundan sonra da qollar vuracaq.

- İki hücumçu sisteminə keçməyiniz konkret qol vurmaq istəyindən qaynaqlandı?
- “Sumqayıt”da bu sxemdən çox istifadə eləmişəm. Səhv eləmirəmsə, bu mövsüm ilk dəfədir belə oynayırıq. Ötən illərdə Mehdi Şərifi – Peyman Babayi tandemindən istifadə etmişəm. Əli Qurbani ilə Mehdi Şərifinin çıxış etdiyi dönəm də oldu. Çempionatda az qol vuranlardan biri də biz idik. Futbolçuların qola inanmasını, hücumda daha çox adamla çıxış etməyimizi istədim. Rəqibi təhlil etdikdən sonra belə qərara gəldik. Həm də bu gün mütləq 3 xal qazanmalı idik. Futbolçularda o istəyi görürdüm. Əli ilə Səid rəqib müdafiəsini təzyiq altında saxladı.

- Qapıçı mövqeyindəki dəyişikliyin səbəbi nə idi?
- Açığı, Tərlan Əhmədliyə çoxdan şans vermək istəyirdim. İşlədiyim hər yerdə ikinci qapıçıya mövsümün kritik anlarında şans verirəm. Aydın Bayramov da gənc qapıçı idi, artıq milli komandaya düşür. Üstəlik, özümüzünküdür. O, çox böyük əziyyətlə bu yerə gəlib çatıb. Aydının düşməsini, səhv etməsini gözləyirdim. Ona inamım 100 faizdir. Yenə də şans verəcəyəm. Ancaq hərdən istirahət, həmçinin rəqabət hiss etməlidir. Tərlan “Keşlə” ilə yoxlama görüşündə zədə almışdı. Ötən 3 turda ona güvənmək istəyirdim. Çünki milliyə gedən futbolçular oynamırlar. 2-3 həftəlik tonusdan düşürlər. Bizdən yığmaya çox oyunçu getsə də, oynayan az olur. Aydın iki dəfə yığmadan gələndən sonra tonusu tuta bilməyib. Bəzi mövqelər var ki, orada rotasiya edə bilmirik. Hansı ki, millidən gələndən sonra, bəlkə də, onları oynatmamalıyam. Bu gün Vurğun Hüseynovun çıxışını qeyd etmək istərdim. Çoxdan idi oynamırdı, amma bir kapitan kimi komandanı arxasınca apardı. Oynamayan futbolçular var ki, bəzilərinə şans vermək istəyirəm. Hərdən “Sumqayıt” haqda danışanda 3-4 futbolçunu qeyd edirlər ki, İrandan gətirib milliləşdiriblər. Amma demirlər ki, bu futbolçunu götürməsəydilər, klubsuz qalacaqdı, “Sumqayıt”a keçdi, milliyə düşdü. Bu mənada Tərlan Əhmədli də bəlkə gələcəkdə milliyə namizədlərdən ola bilər.

- Növbəti turdakı rəqibini Konfrans Liqasında mübarizə aparan “Qarabağ”dır. Əlinizdəki heyət “Qarabağ” kimi rəqibə üstünlük qurmaq üçün yetərlidirmi?
- “Qarabağ”ın iki cəbhədə oynamaq təcrübəsi 10 ildir var. Mən deyərdim ki, onlar ötənilkindən daha güclüdürlər. Ötən mövsüm ehtiyat qüvvələri o qədər geniş deyildi. Bəzi matçlarda da bunun acısını çəkdilər. Səhv eləmirəmsə, bu mövsüm çempionatın 5-6 turunda ehtiyat qüvvə ilə çıxış ediblər. Bizə qarşı da o cür oynamışdılar. Onlar ritmdədirlər. Həmin futbolçular da gözləyirlər ki, Konfrans Liqasında digərləri yer alacaq, çempionatda özlərini göstərməyə çalışırlar. Zədədən qayıdan futbolçuları da sağalıb. Bilirik ki, “Qarabağ”da nə cür dəyişiklik olursa-olsun, oyunları qalır. Bizdə də itkilər var. Elvin Bədəlov, demək olar ki, mövsümü qapayıb. Murad Xaçayevə qarşı çox acı qərar çıxdı. “Sumqayıt” tarixində hələ heç kimə 5 matçlıq cəza verilməmişdi. Təhqir eləmək 4, toxunmaq 5 oyunluq cəzadır. Apelyasiya şikayəti etmişik. İnanıram ki, milli komandanın oyunçusu olduğu üçün diqqətlə baxıb, düzgün qərar verəcəklər. Çünki sərt qərardır. “Qarabağ”la qarşılaşmanı Höccət Haqverdi də buraxacaq. Müdafiəmizdə bəzi problemlər var. Amma üzərimizə düşən iş odur ki, nələrisə dəyişək. İnanıram ki, bizim üçün yaxşı olacaq.

- Ötən turda siz, bu gün isə Afdandil Hacıyev hakimlikdən narazılıq bildirdi...
- Mən həmişə olanı deyirəm. Bəzi şeylər var ki, yəqin qəbul olunmur. Mən təhqir də eləməmişdim. Normal söz demişdim. Ona görə pul cəriməsi olunubsa, nə edək. Bugünkü hakim idarəçiliyi xoşuma gəldi, oynamağa imkan verdi. Matçda sürət var idi. Qırmızı vərəqə epizoduna baxmaq lazımdır. Oyunun gedişində baxdıq ki, rəqibin oyunçu Höccəti vurub. Bəlkə səhvlər olub, oyuna təkrar baxmamışam. Aftandil müəllim, bəlkə də, hansısa epizodu bilib irad bildirir. İnandırım sizi, belə gənc hakimlər səhv eləsə, mənə ağır gəlməz. Təcrübəli hakim səhv edirsə, daha onlara bəsdir, dincəlsinlər, oyunlara komissar kimi gəlsinlər. VİP-də oyuna rahat baxsınlar, çay içsinlər. Hakimin də qiymətini verib getsinlər. Meydançada çatdırmırlar. Biz bunu deyirik. Bu təhqir deyil, normal məsləhətdir. Mən də qocalanda çatdırmasam, kimsə məsləhət görəndə bu sənətdən gedəcəyəm.