09:35 01-11-2021
news_image
198
FUTBOL

“Qarabağ”la “Kayrat”ı bir-birinə bağlayan 5 məqam

Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”ı qəbul edəcək “Kayrat” sosial şəbəkə vasitəsilə maraqlı paylaşımla diqqət çəkib.

Apasport.az saytının məlumatına görə, Qazaxıstan təmsilçisi IV tur matçı ərəfəsində iki komandanı bir-birinə bağlayan 5 məqamı vurğulayıb.

- Komandaların baş məşqçiləri Qurban Qurbanov və Kurban Berdıyev 2002-ci ildə Rusiya çempionatının I divizionunda iki dəfə qarşılaşıblar. Həmin vaxt Qurbanov Voronej “Fakel”inin hücumçusu, Berdıyev isə Kazan “Rubin”inin baş məşqçisi olub. Hər iki görüşdə Berdıyevin yetirmələri eyni hesabla qalib gəlib - 2:0.
- Marko Veşoviç (“Qarabağ”) və Neboyşa Kosoviç (“Kayrat”) Monteneqro millisində komanda yoldaşıdır.
- Xorvatiyalı Filip Ozobiç (“Qarabağ”) və Dino Mikanoviç (“Kayrat”) 2013-cü ildə Split “Hayduk”unda çiyin-çiyinə çıxış ediblər.
- “Qarabağ”ın qapıçı məşqçisi Elxan Həsənov bir vaxtlar futbolçu kimi “Kayrat”a qarşı oynayıb. O, 1988-90-cı illərdə “Neftçi”nin qapısını qoruyub. Sabiq qolkiper Almatı klubuna qarşı SSRİ çempionatında və digər yarışlarda ümumilikdə 7 oyunda iştirak edib.
- "Qarabağ"ın qapıçısı Emil Balayev 2019-cu ildə “Tobol”un heyətində “Kayrat”la 4 dəfə qarşılaşıb. İki görüşdə qol buraxmayıb, digər iki matçda isə “Kayrat”ın hazırkı futbolçuları Erkebulan Seydaxmet və Artur Şuşenaçev fərqlənib.

Qeyd edək ki, noyabrın 4-də Almatıda keçiriləcək “Kayrat” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.