10:25 01-11-2021
news_image
3573
FUTBOL

21:0 hesabı qalib gələn baş məşqçi: “Region Liqası ilə Premyer Liqa arasında böyük fərq yoxdur” - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq futbolçusu, “Cəbrayıl” klubunun prezidenti və baş məşqçisi Cavid Hüseynovun apasport.az saytına müsahibəsi

- Region Liqasının I turunda Paytaxt və Şimal Regionunun B qrupunda “Davam” üzərində 21:0 hesablı qələbə qazandınız. İddialı başlanğıc etdiyinizi nəzərə alsaq, qarşıya qoyulan hədəf nədir?
- Bu çempionata çox ciddi yanaşırıq. Yer uğrunda mübarizə aparmırıq. Bizim nəticəmiz uşaqların inkişafı olar. Onları daha böyük futbola hazırlamaq istəyirik. Kollektivi formalaşdıranda digər komandalarda heyətə düşə bilməyən 18-19 yaşlı cavan uşaqlara üstünlük verdik. Üç nisbətən yaşlı oyunçumuz var. Onları da təcrübələrinə əsasən cəlb etmişik ki, komandanı idarə etsinlər.

- Baş məşqçi və prezident kimi ilk oyununuz idi. Hansı hissləri keçirdiniz?
- Fərqli hisslər idi. Futbolçu ilə məşqçi olmaq arasında fərq böyükdür. Futbolçu olmaq məşqçilikdən asandır. Burada məsuliyyət də artır.

- Baş məşqçilik çətindir, yoxsa prezidentlik?
- Mənə elə gəlir ki, baş məşqçi olmaq daha çətindir.

- Matçın gedişində heç meydana çıxmaq arzusuna düşmürsünüz?
- Hələ yox. Amma qarşıdakı bir neçə oyundan sonra bəlkə oynadım. Düzdür, çalışacağam bunu etməyim. Daha çox uşaqlara şans vermək istəyirəm ki, təcrübə toplasınlar. Düzü, hər gün məşq eləmirəm. Ancaq formadan tam da düşməmişəm. Bu səbəbdən oynamağım mümkündür. Futbolçuluğu artıq unutmuşam.

- Hətta birinci diviziondan belə, Premyer Liqaya oyunçu yüksələ bilmir. Bunu nəzərə alsaq, Region Liqasından ora oyunçu vermək nə dərəcədə realdır?
- Məncə, mümkündür. Region Liqasının Premyer Liqadan üstünlüyü odur ki, oyunlara böyük azarkeş axını olur. Bunu Premyer Liqa matçları üçün də arzu edirik. Ad çəkmək istəmirəm, amma komandamızda inandığım uşaqlar var. Çalışıram onları başa salım ki, Premyer Liqada oynamaq şansınız çox böyükdür, potensialınız var, fiziki, texniki göstəriciləriniz əlverişlidir. Sadəcə, hər futbolçunun meydanda özünə uyğun taktiki baxışı olmalıdır. Bunu düzəltməlidirlər. Futbol çox sürətlənib, saniyənin də böyük önəmi var. Uşaqlar bunları inkişaf etdirməlidirlər ki, hər şeyi tez bir zamanda düşünüb qərar verə bilsinlər. Hazırkı bacarıqlarının üstünə 30-40 faiz əlavə edə bilsələr, yüksək liqada oynamaq şansları var.

- Belə çıxır ki, Region Liqası ilə Premyer Liqa arasında elə böyük fərq yoxdur?
- Bəli, doğrudur. Ən əsası buradakı uşaqlar təcrübəsizdirlər. Komandamızda 3 futbolçu var ki, Premyer Liqanın istənilən komandasına apar, üzərində çalış, uzağı iki ildən sonra bəhrəsini görəcəksən. 16-17 yaşda birdən-birə elita klubunun əsas heyətində meydana çıxmaq hər futbolçuya nəsib olmur. Amma komandamızdakı uşaqlar 1-2 il təcrübə topladıqdan sonra orada oynaya bilərlər.

- Region Liqasında üzləşdiyiniz ən böyük problemlər nələrdir?
- Region Liqasına yanaşma bir az fərqlidir. Bura böyük maliyyə yardımı lazımdır ki, komandaların stadionu olsun, məşq edə bilsin. Elə komandalar var ki, oyundan-oyuna yığışırlar. Təbii ki, onlarda inkişaf gedə bilməz. Hər bir klubun öz strategiyası var. Mən istərdim ki, məşqimiz həftədə üç dəfə yox, hər gün olsun. Stadion amili qarşımızda maneədir.

Ruslan Sadıqov