13:06 01-11-2021
news_image
131
FUTBOL

Lionel Messi: “Barselona”da mənə qarşı düzgün hərəkət etmədilər”

“Barselona”dan gedəndə də demişdim ki, komandada qalmaq üçün mümkün olan hər şeyi etdim”.

Apasport.az saytının məlumatına görə, bunu PSJ-nin hücumçusu Lionel Messi yay fasiləsində “Barselona”dan Paris klubuna keçidi barədə danışarkən deyib.

34 yaşlı superulduz Kataloniya klubunda qalmaq istəsə də, şərtlərin bunu mümkünsüz etdiyini söyləyib. Argentinalı eyni zamanda “Barsa”nın prezidenti Joan Laportadan incikliyini də gizlətməyib: “Orada heç kim məndən pulsuz oynamağı istəmədi. Maaşımı 50 faiz azaltmağımı istədilər, razı oldum. Hətta ondan da az məvacibə qalmağa razı idim. Mənim də, ailəmin də arzusu Barselonada qalmaq idi. Buna görə də Laportanın sözləri məni incidir. Mənə qarşı düzgün hərəkət etmədilər, buna görə də, belə açıqlamalar verməməlidirlər. Bu, insanlarda barəmdə başqa şeylər düşünməyə və şübhələnməyə səbəb olur. Buna layiq deyiləm”.

Qeyd edək ki, Lionel Messi karyerasını bitirdikdən sonra “Barselona”ya idman direktoru kimi qayıtmaq arzusunda olduğunu bildirib.