15:39 01-11-2021
news_image
618
FUTBOL

Tərlan Əhmədov: “Samir Abasovun həm heyət, həm də taktiki seçimi səhv idi”

“Azərbaycan derbisinin heç-heçə bitəcəyini düşünürdüm. Çünki “Qarabağ” “Kayrat” və “Səbail”lə oyunlarda yorğun görünürdü. Hiss olunurdu ki, komanda çempionatda yorğun vəziyyətdə oynayır”.

Bunu apasport.az saytına açıqlamasında “Neftçi”nin sabiq baş məşqçisi Tərlan Əhmədov paytaxt klubunun Azərbaycan Premyer Liqasının IX turunda “Qarabağ”a 0:4 hesabı ilə məğlub olduğu oyunu dəyərləndirərkən deyib.

50 yaşlı mütəxəssis “ağ-qaralar”ın əsas problemi kimi müdafiə xəttindəki zəif çıxışı göstərib: “Neftçi” bir tur əvvəl “Zirə” üzərində qələbə qazanmışdı. Amma səhvlər var idi, komanda elə baxımlı oyun göstərməmişdi. Hər iki komandanın ehtiyatlı çıxışını gözləyirdim və fikirləşirdim ki, baxımlı oyun olmayacaq. Nəzərə alaq ki, “Qarabağ”ın qarşıda “Kayrat”la səfər matçı da var. Futbolun özünün görünməyən tərəfi var. İki ildən çoxdur deyirik ki, “Neftçi”nin müdafiəsində böyük problemlər var. Bu, “Qarabağ”da da hiss olunur. Ötən mövsüm “Neftçi”yə qarşı görüşlərdə məhz müdafiədəki boşluqlar səbəbindən çempionluğu əldən vermişdilər. “Neftçi”də isə müdafiənin bərbad olduğunu Çempionlar Liqasının təsnifat mərhələsində Tbilisi “Dinamo”su ilə görüşdə də deyirdik. Bu problem eyni şəkildə qalır”.

Tərlan Əhmədovun fikrincə, biabırçı məğlubiyyətə yol açan səbəblərdən biri də baş məşqçi Samir Abasovun seçimləri olub. O, həmkarının taktiki və heyət seçimində yanlışlığa yol verdiyini düşünür: “Neftçi”nin yarımmüdafiə və hücum xətti çox yaxşıdır. 5 müdafiəçi ilə meydana çıxıb, hücumu gücləndirmirsənsə, belə bir nəticəni gözləməlisən. Mən bakılıların 4-5-1 sxemi ilə meydana çıxmasını gözləyirdim. Çünki “Qarabağ”ın orta xətti daha baxımlı, sürətli çıxış edir, həm də fərdi ustalıqları “Neftçi”dəkilərdən qat-qat yüksəkdir. Komandaların yalnız hücumu, demək olar ki, eyni səviyyədədir. Fikrimcə, Samir Abasovun həm heyət, həm də taktiki seçimi səhv idi. Bunun nəticəsidir ki, məğlub oldular. Sabir Buqiri, Sezar Meza Kolli, Emin Mahmudov topla oynayan futbolçulardır. Qara işi görən oyunçu yox idi. Emin bu yükün altından tək çıxa bilməzdi. Mirabdulla Abbasov isə hələ formadan uzaqdır. Ötən turda sonradan meydana daxil olub qol vursa da, bu cür oyuna start heyətində buraxmaq risk idi. 4-5-1 sistemində hücumda Tyaqo Bezerra çıxış etsəydi, daha effektli olardı. Məhz onun oyuna qoşulmasından sonra gedişat tamamilə dəyişdi, “Neftçi” hücumda daha çox aqressivlik sərgilədi. Bir neçə qol vəziyyəti də yaratdılar”.

Təcrübəli məşqçi onu da əlavə edib ki, “Neftçi”nin qarşılaşmaya lazımınca köklənməməsi hesabın böyük olmasına yol açıb: “Bəlkə də, komanda həddən artıq motivasiya olunmuşdu. Ya da fikirləşiblər ki, “Qarabağ” yorğundur, rahatlaşıblar. Futbolçularda belə bir psixologiya olur. “Neftçi”nin rəqibinə 0:6 hesabı ilə uduzduğu vaxt da olub. Amma bu heyətdə 0:4-lük məğlubiyyət gözlənilməz idi”.