17:29 01-11-2021
news_image
397
FUTBOL

Ozan Can Kökçü yığmamızdan imtina etdi – qardaşı açıqladı

“Qardaşım Niderlandın II Liqasında çıxış edən “Telstar”da oynayır. Daha əvvəllər Türkiyədə “Bursaspor” və “Giresunspor” klublarının formasını geyinib. Azərbaycanda isə “Sabah”ın şərəfini qoruyub”.

Apasport.az xəbər verir ki, bunu Türkiyə milli komandasının futbolçusu Orkun Kökçü deyib. 

O, Türkiyə Futbol Federasiyasının rəsmi saytına verdiyi müsahibəsində Azərbaycanın gənclər millisində oynamış qardaşı Ozan Can Kökçüdən də danışıb. “Ay-ulduzlu” formanı geyinən futbolçu bildirib ki, qardaşı əsas komandamızın təklifini qəbul etməyib: “O, Azərbaycanın gənclər yığmasında (U-21) oynadı. Amma indi ordan ayrılıb. Türkiyə milli komandasında oynamaq ehtimalı olduğu üçün Azərbaycan yığmasından imtina edib. Orada “Sabah”da çıxış edərkən U-21-in şərəfini qorumaq üçün təklif gəldi və tezliklə pasport verdilər. Qardaşım eyni zamanda Azərbaycan vətəndaşıdır. Azərbaycan millisi onu istəyir. Lakin Türkiyə yığmasından təklif gələr deyə hələ bunu qəbul etməyib. Hücumun cinahlarında, həmçinin pleymeyker kimi oynaya bilir”. 

Qeyd edək ki, 1998-ci il təvəllüdlü Ozan Can Kökçü Azərbaycanın 2018-ci ildə U-20 yığmasında 3, 2017-2020-ci illərdə U-21 komandasında 17 (2017-20) oyun keçirib. O, ikincilərlə 2 qola da imza atıb.