18:10 01-11-2021
news_image

Cüdo Federasiyasının prezidenti: "Strategiyamızı müəyyən etdikdən sonra atacağımız addımlar bəlli olacaq"

“Cüdo idman növünün ölkəmizdə böyük ənənələri var. Bu sahədə kifayət qədər böyük uğurlarımız var”. 

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) yeni prezidenti Rəşad Nəbiyev deyib. 

Rəqəmsal inkişaf və nəqliyyat naziri bu gün ACF-in növbədənkənar hesabat-seçki konfransında qurumun rəhbəri seçilib. O, səsvermədən sonra keçirdiyi brifinqdə bildirib ki, əsas işi ölkəmizdə bu idman növünün daha da inkişafına nail olmaqdır: “İstər olimpiadalarda, istər dünya, istərsə də Avropa çempionatlarında idmançılarımız ciddi nailiyyətlər əldə ediblər. Bizim də üzərimizə düşən ilk növbədə bu nailiyyətləri qoruyub saxlamaq və daha da inkişaf etdirməkdir”.

- Hansısa dəyişkliklər gözlənilir?
- İlk öncə hədəfləri müəyyən etməliyik. Bunlar qısa, orta və uzunmüddətli hədəflərdir. Strategiyamızı müəyyən etdikdən sonra atacağımız addımlar bəlli olacaq.

- Federasiyanın tərkibinə tanıdığınız şəxsləri cəlb etməyi düşünürsünüzmü?
- İcraiyyə Komitəsində müəyyən dəyişikliklər oldu. Yeni heyətlə birlikdə bayaq qeyd etdiyim hədəflərin öhdəsindən gələ biləcəyimizi hesab edirəm. Təxminən 3 il sonra bizi Yay Olimpiya Oyunları gözləyir. Qarşıda həmçinin dünya və Avropa çempionatları var. Maksimum nəticə əldə etmək ən başlıca məqsədlərimizdir.

- Cüdo sizə nə qədər yaxındır?
- Düzü, 15-16 yaşıma qədər özüm də cüdo ilə məşğul olmuşam.

- Bir müddət əvvəl kişilərdən ibarət Azərbaycan millisinə baş məşqçi təyin edilən Mövlud Mirəliyev postunda qalacaq?
- Bu suallara cavab vermək hələ bir qədər tezdir. Cüdo idman növünün kifayət qədər maddi-texniki bazası formalaşıb. Eyni zamanda yaxşı məşqçi heyəti var. Hədəflər müəyyən olunduqdan sonra vasitələr də bilinəcək ki, ora necə çatmaq olar.

- 2008-ci ildən bəri cüdoçularımız Olimpiadalarda qızıl medal qazanmayıblar. Demək olarmı ki, əsas hədəflərdən biri Paris-2024 Yay Olimpiya Oyunlarında bu hədəfə çatmaq olacaq?
- İdmanın istənilən növündə olduğu kimi, cüdoda da hər hansı proqnoz vermək peşəkarlıqdan kənardır. Biz maksimum nəticə üçün əlimizdən gələni edəcəyik.

- Sizcə, bu dəyişikliyi zəruri edən nə oldu?
- Hesab edirəm ki, cüdo da digər idman növlərimiz kimi inkişaf etməkdədir. Məndən əvvəlki prezident Rövnəq Abdullayev və onunla birlikdə çalışan həmkarlarımız kifayət qədər böyük işlər görüblər. Maddi-texniki bazanın formalaşması, idman növünün regionlarımıza sirayət etməsi və s... Bizim də üzərimizə düşən həmin bazaya əsaslanaraq daha böyük nailiyyət əldə etməkdir.

Qeyd edək ki, Nəbiyev bu postda Rövnəq Abdullayevi əvəzləyib.