12:33 02-11-2021
news_image
1862
FUTBOL

Tərlan Əhmədov: “Neftçi" baş məşqçini də xaricdən gətirib milliləşdirsin” - MÜSAHİBƏ

“Neftçi”nin sabiq kapitanı və baş məşqçisi Tərlan Əhmədovun apasport.az saytına müsahibəsi

- Keçmiş komandanız “Neftçi” Azərbaycan Premyer Liqasının IX turunda “Qarabağ”a 0:4 hesabı ilə məğlub oldu. Bu klubda sanki bir məğlubiyyət olan kimi, daxili çəkişmələr başlayır. Hazırkı rəhbərliklə çalışmış mütəxəssis kimi, sizcə, bunlar nədən qaynaqlanır?
- Klubun daxilində nələr baş verdiyini demək çətindir. Baş məşqçinin mətbuat konfransını mətbuatdan izlədim. Mən hesab edirəm ki, nə olur-olsun, məğlubiyyəti baş məşqçi öz üzərinə götürməlidir. Bunu ictimailəşdirməməli, futbolçuları günahkar çıxarmamalıdır. Komanda daxilində futbolçulara bütün səhvlər göstərilməlidir. Qarşıda hələ 19 tur var. Bu üzdən bir məğlubiyyətlə heç nə itmir. “Neftçi” xalqın komandasıdır, 16 ildən sonra artıq 100 illiyi olacaq. Bu komanda tarix boyu Azərbaycan futbolunun döyünən ürəyi olub. Futbolumuzun bütün uğurlu başlanğıcları “Neftçi” ilə olub. Ona görə də burada məğlubiyyət qəbuledilməzdir. Xüsusən də, liderlərin matçında. Bütün bunlar söz-söhbətlərə yol açır. Bəzi söz-söhbətlər isə həddən artıq şişirdilir. İstənilən halda baş məşqçi futbolçularına dəstək verməlidir.

- Samir Abasov “Qarabağ”la oyundan sonra açıq şəkildə “Neftçi”nin yerli futbolçularının rəqibdən zəif olduğunu bildirdi. Sizcə, baş məşqçinin oyunçuları haqda bu cür fikirlər səsləndirməsi nə dərəcədə doğrudur?
- Əlindəki yerlilərin rəqibdən zəif olduğunu açıq şəkildə demək düzgün deyil. Çünki ən azı həmin oyunçular bir neçə ildir orada çıxış edirlər. Ötən mövsüm çempion olan heyətdir. Doğrudur, komanda yerli futbolçu baxımından gücləndirilməlidir. Ortaya bir neçə sual çıxır. Məsələn, Xəyal Nəcəfovu “Sumqayıt”dan baş məşqçi öz gətirib. Xəyal haqda pis bir fikir səsləndirə bilmərəm, yaxşı oyunçudur. Amma “Neftçi” səviyyəsi üçün hələ tez idi. Rəhim Sadıxovu gətirsəydi, o, komandanı gücləndirə bilərdi. Rəhim “Neftçi”də oynayardı, orta sahədə Emin Mahmudova böyük köməyi dəyərdi. Və ya hücuma Ramil Şeydayevi gətirərdi. Xəyal Nəcəfovu özün gətirib oynatmırsansa, yerli oyunçuların üstünə düşməməlisən. Biz məşqçilərin üzərinə düşən onları hazırlamaqdır. “Neftçi”də oynayan hər bir yerli futbolçu milliyə namizəddir. 2017-ci ildə mənim dövrümdə Mirabdulla Abbasov ən yaxşı hücumçulardan biri idi, hər oyunda da qol vururdu. Çünki ona inam vermişdik. Namik Ələskərov, Rəhman Hacıyev, Mirabdulla özü milliyə dəvət olunurdu. Məşqçinin işi məşq prosesində futbolçunun səviyyəsini yüksəltməkdir. İkinci bir sual ortaya çıxır: kimlər lazımdır ki, baş məşqçi hər şeyin yaxşı olduğunu desin?

- Samir Abasov çıxış yolunu Sezar Meza Kollini və başqa bir neçə oyunçunu milliləşdirməkdə görür...
- Onda elə baş məşqçini də xaricdən gətirib milliləşdirsinlər. Elədirsə, 8 klubun, xüsusən də, “Neftçi”nin akademiyası nə üçün fəaliyyət göstərir? Azərbaycanlı məşqçilər bunu deyəndə mənə daha çox pis təsir edir. Biz özümüz də bu ölkənin futbolunu oynamışıq, Avropa, dünya çempionu çıxarmışıq, Braziliya yığmasının qapısına iki top keçirən Anatoli Banişevski bu torpaqdan çıxıb, amma indi deyirik ki, Meza Kolli kimi oyunçular milliləşdirilməlidir. Meza Kolli elə yaxşı oyunçu idisə, “Qarabağ”la matçda nəsə edərdi. Meza Kolli kimi 10 oyunçu gətirib milliləşdirmək çıxış yolu deyil. Yetişdirmək, yerli uşaqlara inam vermək lazımdır. “Neftçi” avrokubokların təsnifat mərhələlərində 8 əcnəbi ilə çıxış etdi. Nə qazandı? Oyunların hamısında uduza-uduza getdi. Elə əcnəbiləri gətirəcəyiksə, akademiyalar nəyə lazımdır? Azərbaycanda o qədər istedadlı futbolçu var ki. Etibar etmək lazımdır.

- Yay fasiləsində gətirilən əcnəbi futbolçuların hamısı “Qarabağ”la görüşə ehtiyatdan başlamışdı. Belə çıxmır ki, həmin oyunçuları baş məşqçi istəmədiyi halda rəhbərlik gətirib?
- Çox ağır sualdır, çünki daxildən xəbərimiz yoxdur. Düzü inanmıram ki, rəhbərlik Samirə deməmiş gedib futbolçu gətirsin. Çünki sabah uğursuzluq olanda baş məşqçi çıxıb deyə bilər ki, onları mən yox, rəhbərlik gətirib. Amma belə bir proses ola da bilər. Hər halda oyunun heyətini də, taktikasını da baş məşqçi özü müəyyənləşdirib. Hər halda 4 müdafiəçi ilə oynayıb hücumu gücləndirsəydi, belə nəticə olmazdı.

- “Neftçi”nin Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov baş məşqçi Samir Abasov barədə sosial şəbəkədə “O, ən uzağı musiqili komediya teatrında səhnə quraşdıra bilər”, kimi aşağılayıcı şərh yazıb. Bu nə dərəcədə doğru hərəkətdir?
- Mən də bunu mətbuatdan oxudum. Özüm də çaş-baş qaldım. Məncə, klubun Müşahidə Şurasının üzvü özü bunun açıqlamasını verməlidir. Baş məşqçi ilə aralarında nə kimi problem olduğunu, niyə belə fikir səsləndirdiyini bilmirəm. Bu məsələyə deyiləcək söz tapa bilmirəm. Mövsüm bir oyunla bitmir. Bu gün “Barselona”nın düşdüyü durumu hamımız bilirik. “Real” – “Barselona”, “Qalatasaray” – “Beşiktaş” derbilərində də belə nəticələr olur. Bu məqamda hamısı bir-birinə dəstək olmalıdır.

- Klub rəhbərliyinin bu cür münasibətindən sonra baş məşqçi hansı addımı atmalıdır, istefa verməlidir?
- Bəlkə də, oturub danışsalar, problemin nədən qaynaqlandığını ortaya çıxarsalar daha yaxşı olar. Tənqid etmək həmişə rahatdır. Təbii ki, bu tənqidin daxildən olması xoş deyil. Müşahidə Şurası oturub bu məsələyə aydınlıq gətirməlidir. Mövsümün hələ gedişidir, komanda heç nə itirməyib. İstefa vermək çıxış yolu deyil.

- Siz özünüz də “Neftçi”də olarkən buna bənzər olaylarla üzləşmişdiniz, kənar təsirlər çox olmuşdu...
- Bilirsiniz, “Neftçi” çox ağır komandadır. Orada hətta yaxşı olsan belə, kiminsə xoşuna gəlməyə bilərsən. Ümumiyyətlə, Azərbaycan futbolunda baş verənləri biz özümüz tuta bilmirik. Nəticə verirsən, deyirlər ki, oğurluq edir, oyunları alır. Uduzursan, deyirlər ki, oyunları satır. Heç-heçə edirsən, bu dəfə “danışdı” fikrini səsləndirirlər. Yəni Azərbaycan futbolu çox ağır dönəmdən keçir. Və ya yerli məşqçilər ola-ola əcnəbilərə üstünlük verilir. Halbuki nəticələri azərbaycanlılar verir. Bu problemlərlə tez-tez üzləşirik.

- Samir Abasovun düşdüyü durumu görəndə vaxtilə sizin üzləşdiyiniz problemləri xatırlamırsınız?
- Onsuz da, o günləri hər gün xatırlayıram. Sadəcə, başa düşə bilmirəm ki, ağır dönəmdə niyə dəstək əvəzinə, bir-birimizi “baltalayırıq”? Bir-birimizə dəstək olmuruq. Bəli, mən bu halları yaşamışam. Hər an həmin hadisələri fikirləşirəm. Nəticə versən belə, bəzən yerişin, danışığın kiminsə xoşuna gəlməyəcək. Ümumiyyətlə, futbol sahəsində birlik çatışmır. Buna görə də belə şeyləri təbii qarşılayıram.

- Həm Sadıq Sadıqovun, həm də Kamran Quliyevin dönəmində “Neftçi”də çalışmısınız. Ümumiyyətlə, “Neftçi”də bütün rəhbərlər hansısa uğursuzluqla üzləşdiyin zaman bu cür təzyiqlər yaradır?
- Sadıq müəllimin vaxtında belə problemlər olmadı. O, uduzduğumuz zaman da məşqçi və futbolçu heyətinə dəstək olurdu. İdman adamı idi, məğlubiyyətin də olacağını bilirdi. O dönəmdə bizdən əvvəl də komanda Arif Əsədovun rəhbərliyi altında çempion olmuşdu. Biz də Böyükağa Hacıyevlə çempion olduq, Avropa Liqasının qrupuna vəsiqə qazandıq. Klubda hərənin öz işi var idi, hamı bir-birinə dəstək verirdi. Sadıq Sadıqovun qurduğu rəhbərlik, məşqçilər, futbolçular uğursuzluqdan çıxmaq üçün birlikdə hərəkət edərdi. Hamı öz işini bilirdi, mehribanlıq var idi. Düzdür, artıq dörd ildir “Neftçi”də deyiləm. Mənim dönəmimdə ilk vaxtlar hər şey normal idi. Orxan Hüseynzadənin vaxtında elə bir problemimiz yox idi. Sonrakı məqamda, bəlkə də, məni istəmədilər. İndi isə bunların niyə yaşandığını onların özündən soruşmaq yaxşı olardı.

Ruslan Sadıqov