14:51 02-11-2021
news_image
2282
FUTBOL

“Məğlubiyyət Emreli ilə başladı” – Mahiri “zəif” adlandırdılar

“Legiya”nın hücumçusu Mahir Emrelinin Polşa Ekstraklasasının XIII turunda “Poqon”la matçdakı statistik göstəriciləri açıqlanıb.

Apasport.az saytının Polşa mətbuatına istinadən məlumatına görə, Varşava təmsilçisinin doğma arenada 0:2 hesabı ilə məğlub olduğu qarşılaşmada 61 dəqiqə mübarizə aparan Azərbaycan millisinin üzvünün çıxışı zəif hesab edilib.

24 yaşlı forvardın bir çox komponentlərdə uğursuz çıxışı diqqət çəkib. Həmkarlarımızın yazdığına görə, Emreli görüş ərzində 3 zərbə imkanı qazanıb ki, onların yalnız birində çərçivəyə düşə bilib: “Birincidə topla irəliləmək əvəzinə zərbəni seçdi, top müdafiəçidən döndü. 20-ci dəqiqədə isə Lukinyasın ötürməsindən sonra sanki zərbə yox, qapıçıya ötürmə verdi”.

Hava toplarındakı göstəricilər isə daha bərbaddır. Həmyerlimiz “ikinci mərtəbə”də 7 dəfə mübarizəyə qalxsa da, cəmi birində qalib gəlməyi bacarıb. Bununla bağlı ən çox tənqid olunan hərəkəti isə əksər hallarda topa tullanmaq əvəzinə rəqibə mane olmaq cəhdləridir.

Polşa mətbuatı “Poqon”un birinci qolunun əsas günahkarı kimi də məhz Mahiri göstərib: “Emreli 6 dəfə top uğrunda mübarizəyə girişdi, onların yalnız 2-də uğurlu oldu. “Poqon”un ilk yarıdakı qoluna diqqət yetirək. Hər şey Emrelinin rəqib müdafiəçisinə pressinq göstərməməsi ilə başladı. Nəticədə “Poqon”un müdafiəçisi heç bir problem olmadan irəlilədi və rahat ötürməsini verdi”.

Yerli KİV millimizin üzvünün Tomaş Pekartın formadan uzaq düşməsindən lazımınca yararlana bilmədiyi qənaətindədir: “Yenə qol vəziyyətlərindən yararlanmadı, top uğrunda mübarizə apara bilmədi. Emreli tez-tez təslim olurdu, praktiki olaraq meydanda deyildi. Oyanmaq və qol yollarında təsirli olmaq vaxtıdır. “Legiya”nın təcili güclü hücumçuya ehtiyacı var”.

Qeyd edək ki, bu mövsüm 24 oyunda 10 qol vuran Mahir Emreli son 6 görüşdə fərqlənə bilməyib.