17:12 02-11-2021
news_image
1068
FUTBOL

“Neftçi”nin sabiq baş məşqçisi: “Sabah”a bundan sonra daha nə deyim?

“Sabah”ın əcnəbi mütəxəssis gətirəcəyinə inanmırdıq. Düşünürdük ki, yerli məşqçi təyin edərlər”.

Bunu apasport.az saytına açıqlamasında futbol veteranı Tərlan Əhmədov “Sabah”ın baş məşqçi postuna rusiyalı Murad Musayevi gətirməsinə münasibət bildirərkən deyib.

AZAL, “Neftçi” və “Keşlə”nin sabiq baş məşqçisi paytaxt klubunun ölkə xaricindən 38 yaşlı çalışdırıcı gətirməsinə reaksiya göstərib: “Yeni baş məşqçinin gənc olmasından çox klubun yanaşması əsas rol oynayır. Görünür, strategiyaları belədir, əcnəbi məşqçilərə üstünlük verirlər. Halbuki Azərbaycanda yetərincə nəticə verən məşqçilər var. Yəqin bizim də vaxtımız nə vaxtsa gələcək. “Sabah” rəhbərliyi bəlkə düşünür ki, problemləri əcnəbi məşqçi ilə həll edə bilərlər”.

Əhmədovun fikrincə, “Sabah” rəhbərliyi klub rəsmisi İqor Ponomaryovu baş məşqçi təyin etsəydi, daha yaxşı nəticələr əldə edərdi: “Neftçi”də köməkçi-məşqi kimi də, baş məşqçi kimi də işləyəndə uğurlu olmuşam, həmçinin “Keşlə”dəki fəaliyyətim də yaxşı alınıb. Və ya Ağasəlim Mircavadov, Əsgər Abdullayev kimi nəticələri olan mütəxəssislər uzun müddətdir kənardadır. Azərbaycanda futbola yanaşma tam fərqlidir. Məsələn, “Sabah”ı son iki oyunda İqor Ponomaryov meydana çıxardı, hər ikisində qələbə qazandılar. Bundan sonra da əcnəbi gətirilirsə, daha nə deyim?”

50 yaşlı mütəxəssis yerli məşqçilərə güvənilməməsinin səbəbini çox düşündüyünü söyləyib: “Məşqçilərlə oturub söhbət edəndə, bir-birimizə sual veririk ki, niyə yerlilərə güvənilmir? Nəticə istəyirlər, medalçılar sırasına düşürsən, deyilər ki, əcnəbi yaxşıdır. Niyə bizə qarşı münasibət fərqlidir, başa düşmürük. Şəxsən mən işlədiyim komandalarda nəticə də vermişəm, yerli futbolçular da üzə çıxarmışam. Bunun fonunda bizə niyə güvənmirlər, bunun özü hələ də mənə qaranlıq qalır”.

Qeyd edək ki, Premyer Liqanın VII turundan sonra istefaya göndərilən Ramin Quliyevin əvəzinə “Sabah”a baş məşqçi təyin olunan Murad Musayevlə 2 illik müqavilə imzalanıb.