10:49 03-11-2021
news_image
137
FUTBOL

Ronaldo Cordana bənzədildi

“Mançester Yunayted”in baş məşqçisi Ole Qunnar Qulşer Çempionlar Liqasının qrup mərhələsində “Atalanta” ilə səfər oyununda komandasına 1 xal qazandıran (2:2) Kriştiano Ronaldo barədə fikirlərini bölüşüb.

Apasport.az saytının məlumatına görə, norveçli mütəxəssis 36 yaşlı forvarda heyran olduğunu bildirib.

Sulşer hətta portuqaliyalı superulduzu əfsanəvi basketbolçu Maykl Cordana bənzədib: “Bizim üçün Kriştiano “Çikaqo”dakı Maykl Cordan kimidir. Heç kim onların xarakterinə şübhə edə bilməz. Sadəcə təslim olmurlar və irəliləməyə davam edirlər”.

“Atalanta” ilə matçda dubla imza atan Kriştiano Ronaldo Çempionlar Liqasındakı ümumi qollarının sayını 139-a çatdırıb.

Qeyd edək ki, Milli Basketbol Assosiasiyasının (MBA) 6 qat qalibi olan Maykl Cordan 5 dəfə mövsümün ən dəyərli basketbolçusu seçilib. 58 yaşlı sabiq oyunçu ABŞ yığmasının heyətində 2 dəfə olimpiya çempionluğunu qazanıb.