11:01 03-11-2021
news_image
132
FUTBOL

Çempionlar Liqası: Statistik göstəricilər

Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin IV turuna dünən keçirilən 8 oyunla start verilib.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) baş tutan qarşılaşmalardan sonra diqqət çəkən statistik göstəriciləri açıqlayıb.

- “Mançester Yunayted” qrupda 7 xaldan 5-ni Kriştiano Ronaldonun “Vilyarreal” (2:1) və “Atalanta” (3:2, 2:2) ilə keçirilən 3 matçda son dəqiqə qolu sayəsində toplayıb.

- Ronaldo 2013/14 və 2017/18 mövsümlərində olduğu kimi, yenə qrup mərhələsinin ilk 4 turunun hər matçında qol vurub. O, Çempionlar Liqasının üç fərqli mövsümündə bunu bacaran ilk oyunçudur.

- “Yuventus” 1995/96 və 2004/05 mövsümlərində olduğu kimi, qrup mərhələsinin ilk 4 görüşündə qalib gəlib və 1/8 finala vəsiqə qazanan ilk komanda olub.

- “Yuventus”un hücumçusu Paulo Dibala ÇL matçında penaltini qaçıran, VAR qərarı ilə zərbəni təkrarlayan və ikinci cəhddə qol vuran üçüncü oyunçudur (“Zenit” – 4:2). Bunu əvvəllər Bruno Fernandeş (“Mançester Yunayted”) və Erlinq Haland (“Borussiya”, Dortmund) bacarıb.

- Dibala bu turnirdəki 17 qolunun hamısını sol ayağı ilə vurub.

- “Benfika” ilə görüşdə (5:2) Robert Levandovskiyə qol ötürməsi verən “Bavariya”nın qapıçısı Manuel Noyer 2019-cu ilin fevralından bəri ÇL-də assist edən ilk qapıçı olub. Sonuncu dəfə “Mançester Siti”nin qolkiperi Ederson “Şalke” ilə matçda məhsuldar ötürmə ilə yadda qalıb.

- “Volfsburq”la (1:2) oyunda “Zalsburq”un heyətinin orta yaş həddi 22 yaş 102 gün (əvəzetmələr daxil) olub. Bu, Çempionlar Liqası tarixinin ən gənc ikinci komandasıdır. Rekord 2009-cu il dekabrın 9-da “Olimpiakos”la qarşılaşmada “Arsenal”a (21 il 127 gün) məxsusdur.

- Hakim Ziyeş “Malmö” ilə matçda (1:0) fərqlənərək, “Çelsi”nin avrokuboklarda 500-cü qolunun müəllifi olub.