13:11 03-11-2021
news_image
2929
FUTBOL

“Qarabağ”ın məşqçisi: “Kayrat”ı Qazaxıstanda da udacağıq”

“Bu sözü deyirəm, yadınızda saxlayın, “Qarabağ” “Kayrat”ı Qazaxıstanda da udacaq”.

Bunu apasport.az saytına açıqlamasında “Qarabağ”ın U-19 komandasının baş məşqçisi Səttar Əliyev deyib.

Ağdam klubunun sabiq futbolçusu komandanın Konfrans Liqasının qrup mərhələsindəki şanslarını dəyərləndirib. Təmsilçimizin “Kayrat”ı Qazaxıstanda məğlub edəcəyini düşünən Əliyev qrupdakı əsas rəqib “Bazel”in də məğlubedilməz komanda olmadığını bildirib: “Bazel” adlı-sanlı klubdur. Amma Bakıdakı oyunda İsveçrə klubunun bəxti gətirdi. Burada heç-heçə etdikləri üçün sevinməlidirlər. O cür gözəl oyunla “Qarabağ” 2:0 və ya 3:0 hesabı ilə qalib gəlməli idi. Ad futbol oynamır. “Qarabağ” öz dəst-xətti, oyunu ilə top-komanda olduğunu sübut etdi. Azərbaycan səviyyəsindən iki addım yuxarıdadır. Təbii ki, Qurban Qurbanovun, Abdulbari Gözəlin, Tahir Gözəlin bunda böyük zəhməti var”.

U-19-un çalışdırıcısı əsas komandanın Konfrans Liqasında qrup birincisi olacağını proqnozlaşdırıb: “Qarabağ”ın qrupu birinci pillədə bitirəcəyini düşünürəm. Ən pis halda yekunda top fərqi 1-2-ci yerləri müəyyənləşdirəcək. “Qarabağ”ın “Bazel”i səfərdə məğlub edəcəyinə niyə inanmayaq? “Şerif” “Real”a qalib gəldi. Nə “Bazel” “Real” gücündədir, nə də “Şerif” “Qarabağ” səviyyəsindədir. Əvvəldən demişəm ki, “Qarabağ” qrupu 1-ci yerdə bitirəcək”.

Qeyd edək ki, noyabrın 4-də Almatıda keçiriləcək “Kayrat” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.