13:24 03-11-2021
news_image
301
DİGƏR NÖVLƏR

İdmançılarının ictimaiyyətə və mediaya köməyi mövzusunda tədbir keçirildi

Azərbaycan Mətbuat Şurasında (MŞ) tədbir keçirilib.

Apasport.az saytının məlumatına görə, görüş Azərbaycan idmançılarının ictimaiyyətə və mediaya köməyi, həmçinin Milli Olimpiya Komitəsinin rəsmi orqanı olan "Olimpiya dünyası" qəzetinin 20 illiyi ilə bağlı olub.

Öncə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən MŞ sədri Əflatun Amaşov bildirib ki, idmanla məşğul olmaq bir çox pis vərdişlərdən, ən əsası narkomaniyadan uzaq durmağa faydalıdır.

Daha sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev narkomaniyanın ziyanlarından danışıb: "Çalışmalıyıq ki, gənclərimiz düzgün yolla getsin, təhsilə yönəlsin və narkomaniyadan uzaq dursun. Bu, bütün dünyada bir xəstəlikdir. Hüquq Mühafizə Orqanlarımız bu sahədə çox fəallıq göstərir. Üzdə olan insanlarımızın vasitəsilə gənclərin bu xəstəlikdən uzaq durması vacibdir. Dünya narkotiklə mübarizə aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyi ilə birgə bu sahədə uğurlu işlər aparmaq vacibdir".

İsayev eyni zamanda "Olimpiya dünyası" qəzetinin yubileyini təbrik edib, uğurlar arzulayıb.

Ardından "Olimpiya dünyası" qəzetinin baş redaktoru Murad Fərzəliyevə diplom təqdim edilib. Sonra əməkdar jurnalist qəzetin iş prinsiplərindən, onun Azərbaycan idmanındakı rolundan danışıb: "Biz bu tip tədbirlərdə müntəzəm iştirak etməyə çalışırıq. Qəzetimiz yeganə idman nəşri idi ki, Olimpiya Oyunlarında olan hadisələri ətraflı və yerində işıqlandırıb".

Fərzəliyev vurğulayıb ki, cəmiyyətimizin əsas problemlərindən biri narkomaniyadır: "Bizim çox tanınmış idmançılarımız var. Onlar həm də cəmiyyətdə nümunədirlər. Bu nümunələrdən də istifadə edib, gəncləri pis vərdişlərdən uzaq tutmaq lazımdır. Bu, bir növ iradədir. Hər bir idmançı yarışa çıxarkən həyəcanlı olur, psixoloji gərginlik keçirir. Ancaq o, hansısa məqamda özünü toparlaya bilir. Yəni iradəsi olan stressli anlara qalib gələ bilir. Narkomaniyadan uzaq durmaq da bir iradədir. Həmçinin media da aparılan profilaktik tədbirləri gündəmdə saxlamalıdır. Narkomaniya daha çox mənəviyyatla bağlıdır. Bir insan mənəvi cəhətdən zəifdirsə, onun fiziki sağlamlığının heç bir önəmi yoxdur".

Baş redaktor futbolun da narkomaniyaya qarşı mübarizədə önəmli faktor olduğunu düşünür: "Bizdə futbolun inkişafının başlıca şərti məhəllə futboludur. Bakıda tikilən binaların həyətlərində meydança salınmalıdır. Məhəllələrdə idman qurğuları, meydançalar olmalıdır ki, gənclər vaxtını çay evlərində keçirməsinlər. Bu bəla nə qədər ki, övladlarımızın qapısını döyməyib, qarşısını alaq. Bir idmançının müsbət nümunəsi yetərlidir ki, minlərlə gənc idmana gəlsin, bəladan uzaq dursun".

DİN nümayəndəsi Nadir Məmmədov narkomaniyanın son dövrlərin ən böyük bəlasına çevrildiyini qeyd edib: “Bu, Azərbaycandan da yan keçməyib. Narkotiklərdən artıq yeniyetmələr də istifadə etməyə başlayıb. DİN olaraq onlara qarşı mübarizə aparırıq. Son vaxtlar daha çox sintetik narkotiklər aşkarlanır. Gənclərin sosial şəbəkədəki fəallığını nəzərə alsaq, sosial media üzrə də işlər aparırıq, videoçarxlar yayımlayırıq. Narkotiklərin acı fəsadlarını gənclərə göstərməyə çalışırıq. Sosial şəbəkə hesablarına vətəndaşların narkomaniya ilə bağlı şikayətləri də olur. Məhz bunun sayəsində uğurlu əməliyyatlar aparırıq".

Olimpiya çempionu, DİN İdman Klubunun rəisi, polis polkovniki Zemfira Meftəhətdinova uşaqları qorumağın əsas məqsədlərdən olduğunu vurğulayıb: “İdmançılar necə həyat sürmək lazım olduğunu göstərirlər. Onların uğurlarını görəndə uşaqlar Namiq Abdullayev, Elxan Məmmədov, Elnur Məmmədli kimi olmaq istəyirlər. Tək uşaqlardan yox, böyüklərdən də söhbət gedir. Həm idmançılar, həm də polislər bu məsələyə ciddi yanaşırlar".