14:58 03-11-2021
news_image
2626
FUTBOL

Kurban Berdıyev: "Qazaxıstanda “Qarabağ” kimi komanda yoxdur" - MÜSAHİBƏ

“Biz Konfrans Liqası və Qazaxıstan çempionatını ayırmırıq. Bütün oyunlar bizim üçün vacibdir”. 

Apasport.az saytının məlumatına görə, bunu Qazaxıstanın “Kayrat” klubunun baş məşqçisi Kurban Berdıyev deyib. 

Təcrübəli mütəxəssis Konfrans Liqasının qrup mərhələsində sabah “Qarabağ”la keçirəcəkləri oyundan əvvəl mətbuat konfransı keçirib. O bildirib ki, mübarizə apardıqları hər bir yarışda qalib gəlmək istəyirlər: “Düşünürəm ki, sabah pley-offa çıxmaq şanslarımız baxımından həlledici qarşılaşma olacaq”. 

- Demək olar ki, Nur-Sultana “Astana” ilə yarımfinal matçı üçün əsas heyət yollanmayacaq?
- Xeyr. Diqqət etdizsə, “Kaysar”la oyuna əsas komanda ilə yollanmışdıq. Biz Qazaxıstan kubokuna ciddi yanaşırıq. Heyətdə ciddi rotasiya olmayacaq. 

- Çoxları qeyd etdi ki, Bakıda “Qarabağ”la keçirdiyiniz ilk hissə rəhbərliyiniz altında komandanın ən yaxşı matçı oldu. İndi “Kayrat”ın çıxışını necə qiymətləndirirsiz?
- “Qarabağ”la ilk hissədəki kimi 90 dəqiqə oynasaq, müsbət nəticə əldə edə biləcəyik. Komandamızın çıxışında müsbət dəyişikliklər görürəm. Amma yenə də zonalararası oyunda tarazlığa nail olmalıyıq. 

- Polşalı Yatsek Quralskinin durumu nə yerdədir? O, oyuna hazırdırmı?
- Tam hazır deyil. 90 dəqiqə oynaya bilməyəcək. Oyunun necə gedəcəyinə və onun bizə nə qədər faydalı olacağına baxacağıq. 

- “Qarabağ”la ilk görüşdə Kadi Borqes çıxış etdiyi sağ cinahda “Kayrat”ın müdafiəsini təzyiqdə saxlayırdı. Sabah Kamo Oqanesyanın ona qarşı oynayacağını gözləmək olar?
- “Qarabağ”ın çox güclü sol cinahı da var. Təhlükəli hücumlar qururlar. Həmin cinahda oynamaq bizim üçün çox çətin idi. Görək Kamo sabah start heyətində olacaqmı?

- Qazaxıstanda “Qarabağ” səviyyəsində rəqiblə qarşılaşmadığınızı demək olar?
- Əlbəttə, Qazaxıstanda “Qarabağ” kimi komanda yoxdur. Çox hazırlıqlıdırlar, hamısı müxtəlif vəziyyətlərdə necə oynamağı bilir.