22:29 03-11-2021
news_image

Güləşçimiz dünya çempionu oldu

Azərbaycanlı Həsrət Cəfərov Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatında qızıl medala yiyələnib. 

Apasport.az saytının məlumatına görə, 67 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçisi finalda iranlı Məhəmməd Rezayiyə qalib gəlib.

Bu il uğurlu çıxışı ilə yadda qalan Cəfərov rəqibini 3:2 hesabı ilə məğlub edib. 

Beləliklə, 19 yaşlı Həsrət 23 yaşadək güləşçilər arasında dünya çempionu olan ilk yunan-Roma güləşçimiz kimi adını tarixə yazdırıb.

Yığmamızın digər güləşçisi Ülvü Qənizadə (72 kq) isə bürünc medal uğrunda qarşılaşmada Amir Abdi (İran) üz-üzə gəlib və 7:2 hesabı ilə qalib gəlib.

Yunan-Roma güləşi üzrə millimiz mundialı 1 qızıl və 2 bürünc medalla başa vurub. Bu, yığmamızın U-23 dünya çempionatları tarixində ən yaxşı göstəricisidir.  Bir gün öncə isə Nihad Quluzadə (55 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb. 

Qeyd edək ki, dünya çempionatında bu gün qız güləşçilərin yarışına start verilib. Xalçaya çıxan 2 təmsilçimiz ilk qarşılaşmada uduzub.