17:23 03-11-2021
news_image
3341
FUTBOL

Oktay Dərəlioğlu “Xəzər Lənkəran”dakı fantastik qazancını ilk dəfə açıqladı - MÜSAHİBƏ

Azərbaycana gəlib-getmiş məşhur futbolçuların arasında Oktay Derelioğlu ad-soyadı başda dayananlardan biridir desək, yanılmarıq.

Vaxtilə Tükiyə millisi, “Fənərbağça”, “Trabzonspor”, xüsusən də, “Beşiktaş”dan xatırladığımız məşhur hücumçunun 2004-cü ilin payızında Azərbaycana gəlişi həm burda, həm də qardaş ölkədə rezonans doğurmuşdu.

“Xəzər Lənkəran”da keçirdiyi 2004-05 mövsümündə 21 oyunda forma geyinib, 17 qola imzasını yazdıran o dönəmlərin ünlü ismi bombardirlər sırasında yer almaqla yanaşı, çempionluğu “Neftçi”ylə “Qızıl oyun”da əldən verməkdə yadda qalmışdı.

Lakin mövsümün sonunda çoxlarının gözləmədiyi halda Azərbaycanı tərk etmişdi.

- Səsinizi eşitmək xoşdur. Necəsiz?
- Diqqətiniz üçün təşəkkür edirəm. Şükürlər olsun, hər şey yaxşıdır. Siz necəsiz? Azərbaycanda vəziyyət necədir?

- Şükür, biz də yaxşıyıq, Azərbaycan xalqı da Qarabağ torpaqlarını qaytarandan sonra yaxşıdır.
- Eşitdim, o xoş xəbəri. Allah köməyiniz olsun! Gözləriniz aydın olsun!

- Siz neynirsiz?
- Nələrsə etmək üçün çalışırıq. Hələ ki, konkret bir şey yoxdur. Gözləyirik, görək nə olur.

- Azı 1 ildir işsizsiz deyəsən.
- Bizə iş verməzlər, sevgili qardaşım.

- Niyə, abi?
- Verməzlər yəni.

- Sözün düzünü dediyiniz üçün?
- Eynən, qardaşım, eynən. Ona görə də kimdənsə iş təklifi gözləmirəm.

- Azərbaycandan da maraq yoxdur?
- Azərbaycanda da Türkiyədəki kimidir, qiymət bilmirlər.

- Xəbərdarsız sanki.
- Bu günə kimi təklif göndərən olmadı ki. Qiymət bilsəydilər, maraqlanar, soruşardılar.

- Məşqçi kimi xidmətinizə gərək duyulmayıb bu illər ərzində?
- Yox, qardaş. Heç olmadı, heç.

- Agentlər bu işdə hansısa köməklik edib?
- Kimsə nəsə danışa bilər. Amma mənim bildiyim təklif danışıqlar masası arxasında, ən azı telefonda olur. Bunlar da heç vaxt baş verməyib. Azərbaycanda bombardir oldum, nə axtaran var, nə soruşan.

- Sizdən sonra Azərbaycana xeyli sayda türk məşqçi və futbolçular gəldi: Suat Usta, Ali Cansun, Kürşat Duymuş, Bülent Korkmaz, Mustafa Denizli, Güvenç Kurtar...
- Gəldilər, nə oldu? Hansısa biri bizim qədər uğurlu ola bildimi?

- O mənada demək istəmirdim. Yəni Türkiyə ilə Azərbaycan futbolu arasında gediş-gəlişlər çox olub. Nədənsə, sizi xatırlamırlar.
- Vallah, o vaxtdan sonra mənim Azərbaycan futbolu ilə heç bir əlaqəm olmayıb (gülür).

- İşsiz dönəmdə neynirsiz bəs?
- Neynirəm? Nə vaxtsa işləyəcəyəm ümidi ilə yaşayıram.

- Pro kateqoriyasına sahibsiz, səhv etmirəmsə.
- Təbii ki.

- Bizdə də elədir. Pro kateqoriyalı məşqçilərin çoxu işsiz gəzir.
- (gülür) Dediyim kimi, orda da, burda da vəziyyət eynidir. Edə biləcəyimiz bir şey yoxdur.

- Azərbaycan üçün darıxırsız? Xatırlayırsız burdakı günləri?
- Əlbəttə, xatırlayıram. Çox gözəl günlər keçirdim gözəl Azərbaycanda. Amma olanlar keçmişdə qaldı.

- 2005-ci ildən sonra Azərbaycana səfər etməmisiz?
- Xeyr, o vaxtdan sonra gətmədim.

- Amma Azərbaycandakı günləriniz də qısa müddəti əhatə etdi, 6-7 ay.
- Klubda problemlər oldu.

- Nə kimi problemlər?
- Boş ver, qardaş. Uzun hekayədir. İnşallah, Allah ömür nəsib edər, nə vaxtsa rahat-rahat danışarıq.

- Sırf sizinlə bağlı məsələ idi, yoxsa klubda, komandada problem vardı?
- Yox-yox, başqa söhbətdir. Bir şeylər oldu. Sonra bu mövzuda danışarıq.

- Demək ki, nədənsə incik düşmüşdüz.
- Oldu, bir şeylər oldu.

- Danışığınızdan belə başa düşürəm ki, Azərbaycanda daha çox oynamaq istəyirdiz.
- Əlbəttə, istəyirdim. Hər şey yaxşı idi. O qədər qol vurub, bombardir oldum. Sən boş ver bu məsələni. Allah xeyirlisini nəsib edər, inşallah.

- Əslində, sizə zəng etməkdə məqsədim vaxtilə ölkəmizdə legioner həyatı yaşamış futbolçuların bu günləri ilə maraqlanmaq, keçmişdə yaşananlarla bağlı xatirələrini dinləməkdir. Siz isə bu mövzuda açıq danışmaq istəmirsiz.
- Qarşıda vaxtımız çoxdur. Danışmağa zaman olacaq. Bu arada “Xəzər Lənkəran”lı azarkeşlərə salamımı çatdırın. Onları çox sevirəm. Yadımdadır, o vaxt mənə çox dəstək olmuşdular. İnanılmaz dərəcədə qarşılıqlı möhtəşəm hörmətimiz vardı bir-birimizə. “Qızıl oyun”da bizi dəstəkləmək üçün avtobuslar kirayələyib, Lənkərandan Gəncəyə yollanmışdılar.

- O vaxt “Xəzər Lənkəran”a gəlişiniz ciddi əks-səda doğurmuşdu. Şəxsən mətbuatda karyeranızı Azərbaycanda davam etdirəcəyinizlə bağlı xəbəri oxuyanda ciddi yanaşmamışdım. İstanbuldan Lənkərana gəliş tarixçəsini danışa bilərsiz?
- Mübariz bəyi məyus etmək istəməmişdim (“Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov). Sırf onun xətrinə getmişdim Lənkərana.

- Şəxsi tanışlığınız vardı?
- Təbii ki. Tanışlığımız, münasibətimiz olduğu üçün “yox” deyə bilməmişdim.

- Sizə özü zəng etmişdi?
- Bəli-bəli. “Xəzər Lənkəran” mövzusunda söhbətimiz olmuşdu, məni komandasında görmək istədiyini bildirmişdi, mən də “tamam” demişdim. Söz verməsəydim, getməyəcəkdim. Sadəcə, ağzımdan söz çıxmışdı.

- “Xəzər Lənkəran”dakı dönəmi karyeranızın yaddaqalan parçası hesab edirsiz?
- Əlbəttə. Komandayla birgə möhtəşəm mövsüm keçirmişdik. Çempionluğa qədər yaxınlaşmışdıq, bombardir olmuşdum, azarkeşlərimiz də sağ olsun, hər oyunda bayram havası yaradırdı. Möhtəşəm futbol sevgisi vardı insanlarda. Təbii ki, unudulmaz günlərdir.

- Həmin vaxt aldığınız maaş da müzakirə olunurdu. Bildiyimə görə, “Xəzər Lənkəran” tarixində bir mövsümdə ən çox pul alan futbolçu olmusuz.
- Nə qədər almışdım (gülür)?

- 1 milyon dollar civarında olduğu deyilirdi.
- Elədir, 1 milyon dollar almışdım. Mübariz bəy sağ olsun, bizi heç bir şəkildə məyus etməmişdi. Nə söz vermişdisə, artıqlaması ilə yerinə yetirmişdi. O vaxt Azərbaycanda futbolçular milyon dollarlar qazanmırdı, amma mən almışdım. İndiyə baxma, o dönəmdə Oktay Dərəlioğlunun dəyəri vardı.

- Azərbaycanda kiminləsə əlaqəniz var?
- Düzünü desəm, yox. Dedim axı, futbolda Türkiyədəkilər də, Azərbaycandakılar da adamın qiymətini bilmirlər. Bu sözlərim azarkeşlərə aid deyil. Futboldakı əsas söz sahiblərini nəzərdə tuturam. Allah böyükdür, inşallah, zamanı gələndə başa düşəcəklər.

- Azərbaycan klublarından təklif olsa, dəyərləndirərsiz?
- Dəyərləndirərəm, əsas odur işləmək üçün imkanlar olsun (sportinfo.az).