09:12 04-11-2021
news_image
173
FUTBOL

“Şaxtyor”un futbolçusu “Qarabağ”ın qələbə qazanacağına inanmır

“Qarabağ”la görüş “Kayrat"ın qrupdan çıxmaq üçün son şansıdır”.

Apasport.az saytının məlumatına görə, bunu “Kayrat”ın sabiq futbolçusu Sergey Politeviç Konfrans Liqasının qrup mərhələsində Qazaxıstan klubunun bu gün “Qarabağ”la keçirəcəyi oyun barədə danışarkən deyib.

Hazırda Soliqorsk “Şaxtyor”unda çıxış edən 31 yaşlı müdafiəçinin sözlərinə görə, almatılıların motivasiyası böyük olacaq: “Məncə, quru oyun olacaq. Çünki “Qarabağ” üçün prinsipcə, heç-heçə də pis nəticə olmayacaq. “Kayrat” risk etməli və burada təsadüfən yer almadığını sübut etməlidirlər. Mətbuatda yayılan xəbərlərə əsasən, heyətdə dəyişiklik olacağını eşitmişəm. “Qarabağ”ın riskə getməsinin heç bir mənası yoxdur. Onlar nəticə üçün oynayacaqlar. Səfərdə, üstəlik, çətin oyunda”.

Onun sözlərinə görə, Qazaxıstan təmsilçisi Bakıdakı 1:2 hesablı məğlubiyyətin revanşını almaq iqtidarındadır: “Kayrat” revanş almağa layiqdir. İlk görüşə baxdım. Ümumiyyətlə, Bakıdakı qarşılaşma gərgin keçsə də, “Kayrat” məğlubiyyətə layiq deyildi. İndi düşünürəm ki, ya heç-heçə olacaq, ya da “Kayrat” qalib gələcək. Rəqib bərabər səviyyədədir”.

Qeyd edək ki, Almatıda baş tutacaq görüş Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.