13:27 04-11-2021
news_image
665
FUTBOL

Dmitri Kramarenko: “Portuqaliyalılar bizi “sürüdülər” - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq qapıçısı, Rusiya MOİK-inin qolkiperlərlə çalışan məşqçisi Dmitri Kramarenko “matchtv”yə geniş müsahibə verib.

Apasport.az saytının məlumatına görə, 47 yaşlı mütəxəssis Azərbaycan yığması, qapıçı olması, atası və qızı barədə də danışıb. 

- Demək olar kİ, MOİK-də qeyri-formal olaraq qapıçılarla işləyən iki məşqçi var?
- İqor Akinfeyevə can sağlığı arzulayıram ki, o hələ çox oynasın. Mən Azərbaycan millisinin düşərgəsinə gedəndə digər qapıçılara İqor nəzarət edir, onlara tapşırıqlar verir. Bu müddət o qədər uzun olmadı, bir həftəyə yaxın sürdü. İndi artıq heç hara getmirəm. Onunla çalışmaq mənə asandır. Bir-birimizi çoxdan tanıyırıq. Mən karyeramı bitirəndə Akinfeyev yeni başlayırdı.

- MOİK-ə gəlişinizin Akinfeyev sayəsində gerçəkləşdiyini demisiz. Təyinatdan sonrakı ilk dialoqu xatırlaya bilərsiz?
- Yeni il öncəsi Bakıdan Moskvaya məzuniyyətə gəldim. MOİK-in seleksiya xidmətinin rəhbəri Andrey Movsesyan zəng vurdu və danışmaq üçün kluba çağırdı. Görüşdə Roman Babayev, Aleksey Berezutski, Mixail Qonçarenko da iştirak edirdi. Fikirləşmək üçün vaxt istəyib İqora zəng edib. O, beşə yaxın namizədin olduğunu, lakin məni təklif etdiyini bildirdi.

- Son yarım ildə MOİK-in baş məşqçiləri bir neçə dəfə dəyişib. Qapıçılarla işləyən məşqçi məsələsi gündəmə gəlməyib?
- Mən öz işimi görürdüm. İvitsa Oliçi də yaxşı tanıyıram. Bizim yollarımız təkcə MOİK-də deyil, mən Azərbaycan, o Xorvatiya yığmasında çalışanda da kəsişib. Eyni seçmə qrupda mübarizə aparırdıq. Yaxşı münasibətləri saxlamışıq.

- Qızınız Lalənin məşqçisi olmuş İrina Vinerin metodları birmənalı qarşılanmır. İdmançı atası kimi bunu qəbul edirsiz?
- Mən və yoldaşım Lalənin bədii gimnastika ilə Bakıda məşğul olmasının təşəbbüskarı idik. Orada yaxşı məktəb, yaxşı məşqçi var idi. Sonradan onda alınmağa başlayanda turnirlərin birində Rusiya yığmasının məşqçiləri ona diqqət yetirdi. Başa düşdük ki, insan bununla yaşayır. Bütün çətinliklərə, göz yaşlarına, zədələrə baxmayaraq ona mane ola bilməzdim.

- Qızınızın güclü xarakteri var?
- Bəli. O, babasına, atam Sergey Kramarenkoya bənzəyir. O da tez-tez evə gəlib hər şeyi bitirdiyini söyləyir, səhər isə məşqə hamıdan tez yollanırdı. Meydanlar yaxşı olmadığından özü qapıçı meydanını sulayırdı. 20 ildən artıq belə sürdü. Atamın yolu ilə getmək istəmirdim. Mən meydanda oynamağa üstünlük verirdim. 1973-cü il təvəllüdlülərdən ibarət komanda ilə Bakı çempionatında sahə oyunçusu kimi çıxış edirdim. 1974-cü il təvəllüdlülərdə isə artıq qapıda idim. Atam dedi ki, məndə lazım olan sürət yoxdur, amma texnika var. Deməli qapıçı olmalıyam və mən də oldum. Bizdə Qafqazda atanın sözü qanundur. Buna görə ona ağlasığmaz dərəcədə minnətdaram.

- Karyeranızda 7 qol buraxdığınız oyun olub?
- Bəli, olub. Bu üzücü idi. Biz Portuqaliya millisi ilə oynayırdıq. Onda hələ Kriştiano Ronaldo yox idi. Amma komanda çox güclü idi. Biz səfərdə 0:7 hesabı ilə uduzduq. Çox məyus idim və başa düşürdüm ki, bu qədər top buraxmağa haqqım yox idi. Orda çox sərt matç oldu və portuqaliyalılar bizi “sürüdülər”. Özümə söz vermişdim ki, cavab oyununda ən azı uduzmayacağıq. Siz nə düşünürsüz? Biz iki gün oynadıq. İlk gün hesab 0:0 olanda stadionda işıqlar söndü. Ertəsi gün davam elədik və yekunda heç-heçə oynadıq – 1:1. Bu da böyük uğur idi.