21:28 04-11-2021
news_image
1310
FUTBOL

Almatıda üç qol, üç rekord

“Qarabağ” Azərbaycan futbolu tarixində 3 rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi qrupdakı qələbə, xal və qol sayında rekord əldə edib.

Konfrans Liqasının IV turunun “Kayrat”la səfər oyununda 2:1 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri qrupda 3-cü qələbəsini qazanıb. İndiyədək heç bir Azərbaycan klubu əsas mərhələdə bu qədər matçda rəqibini məğlub etməyib.

“Qarabağ” bununla da xal hesabını 10-a çatdırıb. Bu, Azərbaycan klubları üçün mütləq rekorddur. Hər iki göstəricidə əvvəlki rekord 2016/17 mövsümünə təsadüf edib. Həmin vaxt Avropa Liqasında 2 qələbə qazanan ağdamlılar qrupu 7 xalla tamamlayıb. 

“Qarabağ” qrupdakı məhsuldarlıq rekordunu da təkrarlayıb. 2019/20 mövsümündə Avropa Liqasının qrupunda 8 qol vuran Qurbanovun komandası yenə 8 dəfə rəqib qapılarına yol tapıb. Amma mütləq rekord üçün qarşıda daha iki görüş var.