22:18 04-11-2021
news_image
1418
FUTBOL

Qurban Qurbanov: “Futbolçularım çox böyük zəfər qazandı”

“Çox yaxşı komandaya qalib gəldik. Hər iki oyunda 90 dəqiqə meydanda yaxşı mübarizə getdi”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsinin IV turunda “Kayrat”la keçirilən oyun barədə danışarkən deyib.

Azərbaycan təmsilçisi Bakıda olduğu kimi, Almatıda baş tutan qarşılaşmada da 2:1 hesablı qələbə qazanaraq, xallarının sayını 10-a yüksəldib.

Matçdan sonra təşkil edilən mətbuat konfransında Qurbanovun qələbə şərhi belə olub: “Bu gün qələbə həddən artıq vacib idi. Dünən də demişdim ki, bu matçda Bakıdakından daha yaxşı oynamalıyıq. Hava şəraitinə, meydançanın durumuna baxmayaraq, futbolçularım bütün çətinliklərə dözdü. Qalib gəlmək üçün ən yaxşısını etdilər. Burada da müdafiədə oturmadıq, daim irəli çıxmağa çalışdıq. Çünki “Kayrat” bir az imkan verəndə topla çox yaxşı davranır və yaxşı oyun üslubları var. Hər iki komandanın qapısı qarşısında qol epizodları oldu. İstənilən halda futbolçular oyun nizam-intizamını qorumağa çalışdılar. Düşünürəm ki, futbolçularım çox böyük zəfər qazandı”.

- Vaxtilə “Tobol”da çıxış etmiş Emil Balayev sizin komandada çıxış edir. Onun ehtiyatda qalması nə ilə bağlıdır?
- Heç bir səbəbi yoxdur. Biz hər iki qapıçıya güvənirik. Sadəcə, Şahruddin meydanda olduğu matçlarda daha yaxşı oynamağa başladı, onunla davam etdik. Amma çempionat oyunlarının çoxunda çərçivədə Emil Balayev durur. Hər iki qapıçıya güvənirəm. Deməzdim ki, Qazaxıstan çempionatı ilə Azərbaycan çempionatı arasında böyük fərq var. Hər iki qapıçının daim oyun təcrübəsini qoruyub saxlamasına şərait yaradırıq.

- Bu gün Abdullah Zubirin ən yaxşı halda 45 dəqiqə oynayacağı ehtimal edilirdi. Çünki onun zədəli olduğu deyilirdi. Halbuki Zubir 90 dəqiqə meydanda oldu, qol da vurdu Bu, məşqçi hiyləgərliyi idi?
- Heç vaxt yalan danışmamışıq, hiyləgərliklər də etməmişik. Sadəcə, “Neftçi” ilə son matçın axırına 2 dəqiqə qalmış Zubiri meydandan çıxardıq. Hətta əvəzetmələrimiz də bitmişdi. Yalan danışmağı xoşlamırıq. Açıqlama da həmin görüşün sabahı olmuşdu. Həmən fikrimizi bildirə bilməmişdik ki, nə qədər oynaya bilər və ya iştirakı sual atındadır. Buna görə ehtiyatlanırdıq. Bəzən düşünmədiyin zədələr olur. “Neftçi” ilə matçdan sonra Zubirdə kiçik problem var idi. Amma iki gün sonra özünə gəldi. Ola bilər ki, yorğunluqdan irəli gəlirdi. Çox ağır oyun olmuşdu.

- İlk yarıda “Kayrat”ın bir neçə real qol imkanı oldu. Komandanızın birinci hissədəki çıxışından razısınız?
- Bu gün məğlub olsaydıq belə, meydanda bu xarakteri göstərsəydilər, yenə də razı qalacaqdım. Birinci hissədə bizim də yüz faizli qol epizodlarımız oldu. Futbolun gözəlliklərindən biridir. Bol qol imkanı olur, sonda komandalardan biri qalib gəlir. Vaqner Lavın ustalığını qeyd etmişdik, onun oyununu göstərmişdik. Müdafiəçilər daha diqqətli olmalı idilər. Ancaq Lavın da ustalığını nəzərə almaq lazımdır. 90 dəqiqə ərzində 1-2 epizodda futbolçu rəqibi itirə bilər. Hər iki hissədən razı qaldım.

- “Qarabağ”ın prezidenti komandanın Konfrans Liqasında finala qədər irəliləməsini arzuladığını bildirib. Buna nə qədər şansınızın olduğunu düşünürsünüz?
- Bəli, belə bir müsahibə olmuşdu. Amma fikir belə səslənmişdi ki, komandamın finala qədər irəliləməsini çox istərdim. Bu gün komandasına güvənir. Hətta qrupun ilk oyununda demişdim ki, bu komandaların hər birinin növbəti mərhələyə adlamaq gücü var. Hər komandanın özünəməxsus, düşünülmüş oyun praktikası var. Bu gün bəlkə bizdə istək daha çox idi ki, uğurlarımız davam edir. Deməzdim ki, daha yaxşı nəticələrə gücümüz var. Amma istəyimiz bunun üçün istəyimiz həddən artıq çoxdur. İstənilən rəqibə qarşı daha yaxşı oynamağa çalışırıq.

- Bu gün ikinci plandan oynamağınız matçın axarına görə oldu?
- Biz bütün oyunlara eyni istək, düşüncə və tələblə çıxmışıq. Eyni zamanda bu gün rəqibə daha çox təzyiq etmək, topa daha çox sahib olmaq istəyirdik. Ümumiyyətlə, bundan sonra da düşüncələrimiz bu olacaq. Futbolçularım ancaq bu cür böyüyə bilərlər. Əlbəttə, rəqibin nə qədər imkan verməsi, təzyiq göstərməsi amili də var. Amma həmişə çalışırıq ki, təzyiqi biz göstərək. Həmişə bunu futbolçularımdan tələb edirəm. Çünki bugünkü futbolda bu, çox vacibdir.

- Havanın şaxtalı olmasına baxmayaraq, meydançanın durumu barədə nə deyə bilərsiniz?
- Dünən də meydançanın durumu çox xoşumuza gəlmişdi. Sadəcə, bu gün bir az donmuşdu. Bəzən top daha sürətli gedirdi. Matçın əvvəlində çox top itkiləri oldu. Ancaq get-gedə futbolçular buna uyğunlaşdılar. Ot örtüyü çox yaxşı idi.

- “Qarabağ”ın futbolçuları gözəl hərəkətlər nümayiş etdirəndə yerli azarkeşlər komandanızı bir neçə dəfə alqışladılar. Sizin əsas futbol fəlsəfəniz nədir? Hansı komanda Qurban Qurbanov üçün etalondur?
- Azarkeşlərə təşəkkür edirəm. Oyunun sonlarında bizi alqışladılar. Burada olmaq çox xoş idi. Bu ölkə, bu xalq çox xoşumuza gəlir, biz qardaşıq. Bunu da matçın sonunda hiss elədik. Azarkeşlər də bizə qarşı isti münasibət göstərdilər. O ki qaldı fəlsəfəyə, mən topa daha çox sahib olmağı xoşlayıram. Köhnə “Barselona”nın azarkeşiyəm.