12:41 05-11-2021
news_image

Rüstəm Orucov: “Həyat yoldaşımın reaksiyası məni təəccübləndirdi”

“Tokio-2020-dən əvvəl Xorvatiyada təlim-məşq toplanışında iştirak etmişdim və mükəmməl vəziyyətdə idim. Bəzi idmançıların dediyi kimi, hamını öldürürdüm. İlk səhvim Olimpiadaya qədər imkanlarımın yüz faizinə çatmaq idi”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının cüdoçusu Rüstəm Orucov Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına müsahibəsində deyib.

Tokio-2020 Yay Olimpiya Oyunlarında 5-ci yeri tutan 73 kq çəki dərəcəsindəki cüdoçumuz Yaponiyadakı uğursuzluğun səbəblərini sadalayıb. O, komanda şəklində yarışı zəif keçirdiklərini etiraf edib: “Düşünürəm ki, biz Yaponiyaya çox erkən getdik. Turnirə iki həftə qalmış yollandıq və bu, çox uzun müddətdir. Artıq yarışlar başlamamışdan gərginliyə düşdüm. Günləri medal haqda düşünərək keçirdim. Bu da nə mənə, nə də komandanın digər üzvlərinə fayda verdi. Səhv etdiyim zaman məsuliyyəti öz üzərimə götürməyə hazıram. Amma Yaponiyada bütün komanda uğursuz oldu”.

30 yaşlı idmançı Olimpiadadan sonra karyerasını bitirib-bitirməməklə bağlı düşündüyünü etiraf edib. Avropa çempionunun sözlərinə görə, ailə üzvlərinin fikirləri onun qərarına ciddi təsir göstərib: “Yarışdan dərhal sonra qərarımı qətiləşdirmək üçün özümə bir ay vaxt verdim. 30 gün yalnız bədəni deyil, həm də zehni dincəltmək, cüdo barədə, Yaponiyada baş verənlər haqda düşünməmək istədim. Son illər ən çətin işim peşəkar karyeramla ailə həyatımı balanslaşdırmaq oldu. Sevdiklərimi lazımi qədər görmürəm, onlar da məni istədikləri qədər görmürlər. Bu mənada həyat yoldaşım və uşaqlarımın reaksiyası məni təəccübləndirdi. Mənə dedilər ki, dünya və ya Olimpiya çempionu olana qədər təqaüdə çıxa bilmərəm. Yəni qızıl medal yoxdursa, dayanmaq da yoxdur. Özüm də başa düşdüm ki, cüdosuz yaşaya bilməyəcəyəm”.

Avropa çempionu artıq gənclik illərdəki kimi güləşmədiyini vurğulayıb. O, Olimpiadadan sonra ilk turniri olan Bakıdakı “Böyük Dəbilqə”nin qalibi olmaq arzusundadır: “Gənclik illərimdə fiziki cəhətdən daha güclü idim. Həmin dönəmdən bəri dəyişməyim normaldır. İndi daha çox texniki və taktiki gücə üstünlük verirəm. Gücüm azdır, amma daha az səhv edirəm. İndi Bakıda “Böyük Dəbilqə” turnirində qüvvəmi sınayacağam. Bura mənim evimdir. Həmişə qalib gəlməyi hədəfləyirəm. Ancaq Olimpiadadan bəri yaranan uzunmüddətli fasilədən sonra özümü necə hiss etdiyimi görmək istəyirəm”.

Orucov gələn il Daşkənddə keçiriləcək dünya çempionatında qızıl medal üçün güləşəcəyini söyləyib. Millimizin üzvü əsas rəqibi sayılan yaponiyalı Ono Şohei ilə qarşılaşmaq istəmədiyini də əlavə edib: “Şohei ən yaxşıdır. Gələn il dünya çempionatının finalında Ononu məğlub etmək istərdim. Amma o, məndən güclü olduğu üçün başqası ilə qarşılaşmağa üstünlük verirəm”.

Rüstəm karyerasını bitirdikdən sonra da bu sahədə çalışmaq arzusundadır: “Əgər karyeramın qalan anlarında uğur qazansam, özümü başqa vəzifəyə həsr edə bilərəm. Amma yenə də cüdo dünyası ilə əlaqəli bir iş olacaq. Bəlkə məşqçilik və ya başqa iş. Ancaq həmişə cüdoda qalacağam. Çünki bu idman növü mənim üçün hər şeydir”.