13:10 07-11-2021
news_image
114
FUTBOL

Həm “Çelsi”, həm də “Tottenhem”i çalışdıran məşqçilər

Son illər nəticələri ilə Premyer Liqanın nəhəng klublarından birinə çevrilən “Tottenhem” iddialı komandalara başağrısı olmağı bacarır.

Apasport.az saytının məlumatına görə, bu klubun “Arsenal” və “Çelsi” ilə matçları daha böyük ajiotaj yaradır.

Çünki London derbisi xüsusi maraqla gözlənilir. Antonio Kontenin “Tottenhem”in sükanı arxasına keçməsi isə bu intriqanı daha da artıracaq. Çünki italiyalı mütəxəssis 2016/17 mövsümündə “Çelsi”yə Premyer Liqa çempionluğunu qazandırıb.

O, məşqçilik karyerası ərzində həm “Tottenhem”, həm də “Çelsi”də çalışan 4-cü mütəxəssisdir. Konteyə qədər hər iki klubda fəaliyyət göstərən 3 mütəxəssis isə aşağıdakılardır:

Qlenn Hoddl
1993-cü ildə “Çelsi”yə transfer olunan Hoddl klubda futbolçu/məşqçi kimi fəaliyyət göstərdi. 1995-ci ildə futbolçu karyerasını başa vurdu və bir il yalnız baş məşqçi çalışdı. “Çelsi”dən ayrıldıqdan sonra İngiltərə millisinin sükanı arxasında da 3 il qalan Hoddl 2001-ci ildə “Tottenhem”lə müqavilə imzaladı. O, nə “Çelsi”də, nə də “Tottenhem”də kubok qazana bildi.

Andre Villaş-Boaş
“Porto”dakı uğurları Villaş-Boaşa “Çelsi” qapılarını açdı. Ancaq portuqaliyalı bunun davamını Londonda davam etdirə bilmədi. Ümumiyyətlə, Londonun şimali Villaş-Boaşa uğur gətirmədi. Həm “Çelsi”də, həm də “Tottenhem”də mövsümün sonunu görə bilmədi.

Joze Mourinyo
Andre Villaş-Boaşa böyük ümidlər bəslənilməsi məhz Mourinyo ilə bağlı idi. Çünki hər ikisi bənzər yollardan keçdi. Əlbəttə ki, Mourinyonun karyerası daha uğurlu alındı. “Çelsi”də 3 dəfə Premyer Liqa çempionluğunu qazandı. Ancaq “Tottenhem” macərası uğursuz alındı.