22:18 05-11-2021
news_image

Cüdoçularımız ”Böyük dəbilqə”nin ilk günündə 3 medal qazandı

Heydər Əliyev adına İdman Sarayında keçirilən Bakı “Böyük dəbilqə” turnirinin ilk günündə Azərbaycan cüdoçuları 3 medal qazanıblar.

Apasport.az saytının məlumatına görə, təmsilçilərimizdən Rövşən Əliyev bürünc medal görüşünə çıxıb. 

60 kq-da mübarizə aparan idmançı monqolustanlı Sumiyabazar Enktaivanla qarşılaşıb. Rəqibinə cərimə xalları hesabına qalib gələn Rövşən Əliyev Azərbaycan yığmasına yarışın ilk medalını qazandırıb.

Orxan Səfərov “Böyük dəbilqə”də qızıl medala sahib olub. 66 kq-da çıxış edən idmançı finalda moldovalı Denis Vieruya ipponla qalib gələrək çempion olub.

Azərbaycanın qadın cüdoçusu İçinxorlu Muntsxedev də turnirdə final görüşünə çıxıb. 57 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda yaponiyalı Momo Tamaoki ilə qarşılaşıb. Rəqibinə ipponla uduzan Muntsxedev gümüş medalla kifayətlənib.

Beləliklə, Azərbaycan cüdoçuları ilk yarış gününü 3 medalla başa vurublar.

Qeyd edək ki, noyabrın 7-də başa çatacaq yarışa yığmamız 33 cüdoçu ilə qatılıb.