15:00 06-11-2021
news_image
1129
FUTBOL

Murad Musayev gəldi, Rəşad Sadıqov mövqeyini itirdi

Azərbaycan Premyer Liqasında mövsümün ən gənc baş məşqçisi ünvanı dəyişib.

Apasport.az saytının məlumatına görə, “Sabah”da debüt edən Murad Musayev çempionatın ən gənc çalışdırıcısı olub.

4 gündən sonra 38 yaşını qeyd edəcək rusiyalı mütəxəssisin debütü Premyer Liqanın X turuna təsadüf edib. Musayev “Zirə” ilə qarşılaşmada baş məşqçi kimi ilk Premyer Liqa matçına çıxıb.

Maraqlıdır ki, mövsümün ilk və hələlik yeganə legioner baş məşqçisi rekordu üz-üzə gəldiyi “Zirə”nin çalışdırıcısı Rəşad Sadıqovdan alıb. Musayevədək ondan 7 ay böyük olan 39 yaşlı həmkarı mövsümün ən gənc çalışdırıcısı idi.

Düzdür, Premyer Liqada daha iki gənc meydana komanda çıxarıb. Onların hər ikisi də “Sabah”a rəhbərlik edib. Lakin İlkin Hüseynovla Rəşad Hüseynov hərəyə 1 qarşılaşmada baş məşqçi vəzifələrini müvəqqəti icra edib. Bu məşqçilərin müvafiq olaraq 37 və 31 yaşları var. Lakin onlardan heç biri Musayev və Sadıqov kimi rəsmi baş məşqçi olmayıb.

Qeyd edək ki, “Sabah” – “Zirə” oyunu saat 15:00-da başlayıb.