14:06 06-11-2021
news_image
149
FUTBOL

243 gündən sonra Premyer Liqada

Azərbaycan Premyer Liqasının legioner baş məşqçisiz günlərinə son qoyulub.

Apasport.az saytının məlumatına görə, bu gün “Sabah”ın baş məşqçisi postunda debüt edən Murad Musayev çempionatımız üçün təkcə mövsümdə, son 8 ayda ilk əcnəbi çalışdırıcıdır.

Premyer Liqada onadək sonuncu legioner mütəxəssis Visente Qomes olub. O da “Sabah”ı çalışdırıb.

İspaniyalı ötən mövsümün XIX turunun “Sumqayıt”la matçından sonra vəzifəsini tərk edib. Bu il martın 8-də keçirilən həmin qarşılaşma (1:1) legioner baş məşqçinin iştirak etdiyi son görüş idi. Azərbaycan çempionatında 243 gündən sonra xarici çalışdırıcı iş başında olacaq.

Qeyd edək ki, “Sabah” Premyer Liqanın X turunda “Zirə”ni qəbul edəcək.