21:16 06-11-2021
news_image
469
FUTBOL

İlk dəfə açıqladı: “Qurban Qurbanov zəng vurub, məni...”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın keçmiş hücumçusu Vüqar Nadirovla əlaqə saxlayıb.

Apasport.az xəbər verir ki, bu barədə ağdamlıların sabiq forvardının özü məlumat verib.

Onun sözlərinə görə, bu gün “Qarabağ”da olmasa da, ürəyi komanda ilə döyünür və xoş xatirələr yadından çıxmayıb. Nadirov Qurban Qurbanov amilinin komanda üçün vacib faktor olduğunu da qeyd edib: “Özüm ağdamlıyam, atam Birinci Vətən Müharibəsində şəhid olub, əmim Adul Nadirov “Qarabağ”ın təsisçilərindən olub, futbolçu kimi uzun illər “Qarabağ”ın şərəfini qorumuşam. Ona görə də bu komandanın qəlbimdə və həyatımda rolu bir başqadır. Qurban Qurbanov kimi möhtəşəm insanın komandanın başında olması uğurlarda xüsusi rol oynadı. Ona tək məşqçi kimi yox, şəxsiyyət kimi böyük simpatiyam var.

İndiyə qədər heç vaxt demədiyim faktı vurğulamaq istəyirəm. Ağdam işğaldan azad olunan kimi Qurban müəllim zəng vurub, məni təbrik etdi, gözaydınlığı verdi. Açığı, elə bilirdim, unudulmuşam. Görün, neçə vaxtdır komandadan ayrılmışam. Qurban müəllimin üstümdə haqqı var. Futbolu qoyuram kənara, insan kimi yetişməyimdə, düzgün yöndə inkişaf etməyimdə əziyyəti var. Allah onu “Qarabağ”a, futbolumuza, əzizlərinə və dostlarına çox görməsin! Həmişə onu özümə böyük bilmişəm, belə də davam edəcək”.

Vüqar Nadirov 15 yaşında “Qarabağ”ın əsas komandasında oynamaqla klubun tarixinə ən gənc oyunçu kimi düşüb.

O, müxtəlif illərdə üst-üstə 11 il doğma rayonu olan Ağdam təmsilçisinin şərəfini qoruyub, çempionatın qızıl, gümüş və bürünc medallarını qazanıb (sportinfo.az).