17:44 07-11-2021
news_image
142
FUTBOL

Elmar Baxşıyevin üsyanı: “Bir az futbolçuları da düşünək”

“Zəfər Günümüz mübarək olsun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin”.

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının X turunda “Səbail”lə keçirilən oyundan sonra deyib.

Bakıda baş tutan qarşılaşmanın son dəqiqələrində 2 qol vuraraq qələbə qazanan (2:0) “qırmızı-qaralar” turnir cədvəlində 2-ci pilləyə yüksəlib.

41 yaşlı çalışdırıcı mətbuat konfransında komandasının çıxışını dəyərləndirib: “Bizi ağır oyun gözlədiyini bilirdik. Çünki “Səbail” evdə məzmunlu oyun nümayiş etdirən əzmkar komandadır. Futbolçuları həftə ərzində ağır matça hazırlayırdıq. Xarakter göstərdilər və layiqli qələbə qazandılar”.

Baxşıyev “ASCO Arena”da oynamağın ciddi fəsadlar törədyini vurğulayıb: “Ötən il bu meydançada çıxış edəndə matçdan sonra 2-3 futbolçumuzda sıxıntı yaşanmışdı. Meydançanın durumu getdikcə daha bərbad hala gəlir. Belə meydançada futbol oynamaq çox risklidir. Düşünürəm ki, “Səbail”in futbolçuları belə arenada məşq edirlərsə, qəhrəmandırlar. Belə yerdə oynamağa icazə verirlərsə, əgər Qəbələdə qar yağsa, ev oyunlarımızı Hacıalı qəsəbəsində olan meydançamızda da keçirə bilərik. Hər bir rəqib zədə ala bilər, hər şey ola bilər. Bir az futbolçuları da düşünək. Kənardan hər şey yaxşı görünə bilər. Ancaq əziyyət çəkən oyunçulardır”.

Çalışdırıcı qarşılaşmanın 88-ci dəqiqəsində hesabı açan 19 yaşlı yarımmüdafiəçi Emil Səfərovun parlaq gələcəyinin olduğunu düşünür: “Emil artıq bir ildir bizimlədir. Amma cavanlar hazır olsa belə, meydançada daim yer almağı özləri qazanmalıdırlar. Emil yaydan bəri bizə yaxşı siqnallar verirdi. Məncə, onun timsalında gələcəkdə Azərbaycan futboluna yaxşı futbolçu bəxş edə bilərik”.

“Qəbələ”nin çalışdırıcısı baş hakim Rəvan Həmzəzadənin idarəçiliyindən razılıq bildirib: “Oyunun içində narazılıqlar olur. Biz də stress yaşayırıq. Etirazlarımızı normal qarşılasınlar. Fikrimcə, hakim oyunu normal idarə elədi”.