19:17 07-11-2021
news_image
194
FUTBOL

Sabiq FİFA hakimi: “Qalatasaray” – “Lokomotiv” oyunu yenidən keçirilməlidir”

Avropa Liqasında qrup mərhələsinin IV turunun “Qalatasaray” – “Lokomotiv” (Moskva) oyunu yenidən keçirilə bilər.

Apasport.az saytının məlumatına görə, bunu türkiyəli sabiq FİFA hakimi Deniz Bitnel deyib.

Onun sözlərinə görə, 1:1 hesabı ilə nəticələnən görüşdə baş hakim rusiyalıların futbolçusu Dmitri Jivoqlyadova iki sarı vərəqə göstərdiyini etiraf etsə, matç təkrarlanacaq: “Bir futbolçunun iki sarı vərəqə aldıqdan sonra meydandan kənarlaşdırılmaması qayda pozuntusudur! Önəmli olan odur ki, hakim bununla razılaşmasa, matç təkrar oynanılmayacaq. Hakim səhvini etiraf etsə, oyun yenidən keçirilməlidir”.

Qeyd edək ki, isveçrəli referi Sandro Şerer İstanbuldakı qarşılaşmada qonaqların oyunçusu Jivoqlyadova iki dəfə sarı vərəqə göstərsə də, onu meydandan qovmayıb. “Qalatasaray” isə bununla bağlı UEFA-ya rəsmi müraciət ünvanlayıb, rəqibə texniki məğlubiyyət verilməsini tələb edib.