22:20 07-11-2021
news_image
288
FUTBOL

Ayxan Abbasov: “Narahat olanlar var idi, indi rahat yatarlar” - MÜSAHİBƏ

“Böyük bayramdır, Zəfər Günüdür. Şəhidlərimizə Allah rəhmət eləsin. Onların, müzəffər ordumuzun, əsgərlərimizin sayəsində bu qələbəni əldə etmişik”.

Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının X – “Zəfər turu”nda “Qarabağ”la keçirilən oyundan sonra deyib.

“Kapital Bank Arena”da rəqibini qəbul edən “gənclik şəhəri” təmsilçisi meydanı 0:4 hesablı məğlubiyyətlə tərk edib. Çalışdırıcı oyunsonrası mətbuat konfransında bunu həm itkilərlə, həm də rəqibin gücü ilə əlaqələndirib: “Qarabağ”ı həm qələbə, həm də Konfrans Liqasında qrup səddini aşan ilk komanda olması münasibətilə təbrik edirəm. Bu da Azərbaycan üçün böyük qələbədir. Hər iki komandanın azarkeşləri sayəsində bu gün möhtəşəm ab-hava var idi. Onlara təşəkkür edirəm. Təəssüf ki, azarkeşlərimizi məyus etdik. Ciddi itkilərimiz var idi. Elə mövqelərdə itkilər idi ki, nəsə fikirləşməli idik. Keçən il də belə bir situasiyaya düşmüşdük. Məşqlərdə ard-arda zədələr oldu. Zəngin heyətimiz yoxdur. Amma yenə də təslim olmayacağıq. Bu məğlubiyyətlərdən dərs çıxarmalıyıq. Belə templi oyunlar bəzi gənc futbolçularımızın böyüməyi, inkişafı üçün təkan olacaq. Futbolçularıma da dedim ki, ruhdan düşməsinlər. Bu gün “Qarabağ”, həqiqətən də, güclü idi. Qarşıda bizi ən vacib oyunlar gözləyir. Ciddi hazırlaşmalı və xal qazanmalıyıq ki, rəqiblərdən çox geri qalmayaq. “Qarabağ”ın son vaxtlar həm yüksək tempdə çıxış etdiyi, həm də böyükhesablı qələbələr qazandığı periodlar olub. İnanıram ki, tezliklə biz də yaxşı olacağıq”.

- Məğlubiyyətə baxmayaraq, bu gün gənc müdafiəçi Emil Əliyevi meydana buraxdınız. Bu, məcburiyyətdən atılan addım idi?
- Mövsümə başlayanda 5 mərkəz müdafiəçimiz var idi. Elvin Bədəlov mövsümü başa vurdu. Höccət Haqverdi bu oyun üçün cəzalı duruma düşdü, Eltun Turabov isə məşqdə zədələndi. Nihad Ağayevə çox istərdim şans verim. Amma təəssüf ki, U-19 millisi ilə Qəbələ toplanışında idi. Bu səbəbdən əvəzedici heyətin son matçlarında yaxşı təsir bağışlayan Emilə imkan yaratdıq. O da vaxtilə U-18 yığmada çıxış edib. Real danışaq, ilk oyunda “Qarabağ”a qarşı mübarizə aparmaq çətindir. Ramil Şeydayev, Musa Qurbanlı, Abdullah Zubir kimi hücum oyunçularına qarşı oynamalı olursan. Çempionatda belə hallar olur. Futbolçular da hazır olsunlar ki, bu cür şanslar düşəndə istifadə etsinlər. Orta sahədə də problemimiz var. Murad Xaçayev cəzalıdır, çətinliyimiz var. Böyük işlər barədə düşünürüksə, böyük komandalar kimi olmaq istəyiriksə, bu, bizim üçün hələ tezdir. Ötən mövsüm də çətin mübarizə apardıq. Yadımdadır, “Zirə” ilə səfər matçına 11 nəfər xəstəlikdən sonra çıxmışdı. Amma futbolçularımız əzmkarlıq göstərirdi. Bu gün də belə vəziyyətlə üzləşmişik, gənclərə şans veririk.

- Ötən mövsüm kubok da daxil olmaqla 3 oyunda “Qarabağ”a uduzmamışdınız. Ancaq bu dəfə rəqib hər iki dövrədə qol buraxmadan sizi üstələdi. “Qarabağ” çox güclənib, yoxsa səbəb başqadır?
- Rəqibin gücü göz önündədir. “Qarabağ” ötənilki hadisədən yaxşı mənada dərs çıxarıb. Bu gün yaxşı ehtiyat qüvvəsi var. Dəyişiklik olanda da oyunlarına mənfi təsir göstərmir. Ötən mövsüm iki cəbhədə mübarizə aparırdılar, heyətdə çox dəyişiklik də edə bilmirdilər. Amma indi 4-5 nəfəri dəyişərək yaxşı formada qalırlar. Məncə, “Qarabağ” ötən mövsümdəkindən daha güclüdür. Bu o demək deyil ki, hər oyunda qələbə qazanmalıdırlar, bütün matçlarda onlarda yaxşı alınacaq. Çempionat uzundur. Fikrimcə, onlar yenə çempionluq uğrunda “Neftçi” ilə mübarizə aparacaqlar.

- Adətən klub məşqçiləri futbolçularının milliyə çağırılmamasından şikayətlənirlər. Son vaxtlar “Sumqayıt”ın 6-7 üzvünün yığmaya dəvət olunmasına öyrəşmişik. Bu dəfə cəmi 3 oyunçunuzun çağırılması sizin üçün sürpriz olmadı?
- Mənim üçün sürpriz olmadı. Bir az narahat olanlar var idi, yəqin indi rahat yatarlar. “Sumqayıt”dan milliyə az oyunçu dəvət olunub, normal haldır. Aydın Bayramov yəqin ki, səhvinə görə çağırılmadı. Elvin Bədəlov zədələnib. Rəhim Sadıxovu isə əvvəllər çağırsalar da, hər toplanışda istifadə eləmirdilər. Bu da ona psixoloji təsir edirdi. Hiss olunurdu ki, baş məşqçi ona inanmır. Bu gün futbolçuların üzərinə yük düşür. Ola bilsin turnir cədvəlindəki mövqe baş məşqçini başqa oyunçulara yönəlməyə vadar edib. Heç vaxt buna pis baxmamışam. Çağırılan oyunçular da millidə canla-başla oynamalıdırlar. Çempionatda yaxşı formada olan komandaların futbolçularına dəvət olub. Hərəmiz bir siyahı tərtib edə bilərik. Amma millinin baş məşqçisinin qərarı belədir, nə demək olar?

- Belə bir məlumat var ki, Murad Xaçayevlə bağlı apellyasiya şikayəti etsəniz də, 5 oyunluq cəza olduğu kimi qalıb. Buna münasibətiniz necədir?
- Hakimlikdən danışmayaq. Yəqin özləri bir nəticə çıxararlar. Məşqçilərin hakimlikdən danışmasını bizdə pis qəbul edirlər. Amma məşqçiləri də başa düşmək lazımdır. Həqiqətən də, xal itirmək çətindir. Apellyasiya şikayəti etmişdik, cəzanın azaldılacağına inanırdım. Hətta hansısa ölüm hadisəsində bunu bilərəkdən etməklə təsadüfən törətmək arasında fərq qoyulur. Muradın hərəkətində aqressivlik yox idi. Əgər aqressiv olsaydı, birinci mən deyərdim ki, düz hərəkət eləməyib. O, hakimə yalnız topun rəqibin əlinə dəydiyini deyib. Apellyasiya da belə qərar veribsə, danışmağa ehtiyac yoxdur. Murada görə təəssüflənirəm, milliyə namizəd futbolçu idi, son vaxtlar yaxşı formada idi. Düzü, onun mövsümün əvvəlindəki performansı bizi narahat edirdi. Amma “Neftçi” və ondan əvvəlki görüşdə uğurlu çıxış etdi. Bir dövrədə 7 oyun olur, onun da 5-də iştirak etmirsənsə, komandada da çətinlik yaranır. Üstəlik, Muradın mövqeyində bizdə problemlər var. Amma yenə də davam etməliyik.