17:12 08-11-2021
news_image

Millimizin baş məşqçisi: “Paris-2024-də məqsədimiz 2 qızıl medal qazanmaqdır”

“Çox güclü yarış keçdi. Dünya çempionatında 88 ölkədən 500-dən çox boksçu iştirak etdi”.

Apasport.az saytının məlumatına görə, bunu boks üzrə Azərbaycan millisinin baş məşqçisi Umberto Orta Dominqes mundialdakı çıxışı dəyərləndirərkən deyib.

Azərbaycan Boks Federasiyasının rəsmi saytına danışan çalışdırıcı bildirib ki, federasiyanın yaratdığı şərait boksçularımızın inamlı çıxışında böyük rol oynayıb: “Elə bir mundial oldu ki, hər bir idmançı 5 və ya 6 görüş keçirməli idi. Keçirdiyimiz gərgin təlim-məşq toplanışlarının sayəsində bu medalları əldə edə bildik”.

Təcrübəli mütəxəssisin sözlərinə görə, 3 döyüşdəki məğlubiyyət baş məşqçi kimi ona təsir edib: “Tayfur Əliyevin 1/8, Məsud Yusifzadənin 1/4 və Məhəmməd Abdullayevin yarımfinal görüşlərini nəzərdə tuturam. Onlar layiq olduqları qələbə ilə qiymətləndirilsəydi, medallarımızın sayı və əyarı müxtəlif ola bilərdi. Buna baxmayaraq, özümüzü xoşbəxt hiss edirik. 2 illik zəhmətimizin bəhrəsini gördük və bizim üçün ən önəmlisi budur. Bu nəticəni daha da yaxşılaşdırmaq üçün davam etməliyik”. 

Kubalı baş məşqçi rinqdən kənarda aqressiv olmasına da aydınlıq gətirib: “Bu, idmandır və məşqçiyə aid olan xüsusiyyətdir. Məqsəd boksçuların rinqdə dediklərimi etməsi üçündür. Onlara qarşı hansısa təzyiq deyil. Əksinə, daha da irəli getmələrinə hesablanan addımdır. Gələcək hədəflərimiz daha yüksəkdir. Paris-2024 Yay Olimpiya Oyunlarında məqsədimiz 2 qızıl medal qazanmaqdır. Ən azından dünya çempionatında qazandığımız mükafatlarla özümüz üçün yolu açdıq”.

Qeyd edək ki, Belqradda keçirilən dünya çempionatında Alfonso Dominqes (86 kq) qızıl, Sərxan Əliyev (71 kq) və Məhəmməd Abdullayev (+92 kq) bürünc medal qazanıb.