17:16 08-11-2021
news_image

Alfonso Dominqes: “Mən Azərbaycanı, o Kubanı təmsil edir”

“Yarışla bağlı təəssüratlarım əladır. Bir az yorğunluq var, çünki döyüşlərimin sayı çox oldu”.

Apasport.az saytının məlumatına görə, bunu Belqradda keçirilən boks üzrə dünya çempionatında qızıl medal qazanan Azərbaycan millisinin üzvü Alfonso Dominqes deyib.

86 kq çəki dərəcəsində mundialın qalibi olan boksçu abf.az saytına açıqlamasında sevincinin həddi-hüdudunun olmadığını bildirib. O vurğulayıb ki, Serbiyada "Zəfər Günü" ərəfəsində Azərbaycan himnini səsləndirməsindən gözəl duyğu ola bilməz: “İnamlı çıxış sayəsində lazımi uğuru qazandım. Bu, "Zəfər Günü" ərəfəsində olduğu üçün çox sevincliyəm. Bir daha şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfa diləyirəm. Bu uğuru da şəhidlərimizə həsr edirəm”.

O, yarımfinalda kubalı Ruis Kordoba ilə döyüşdən sonra rəqibinin əlini qaldırmasından da danışıb. Alfonsonun sözlərinə görə, həmyerlisi ilə münasibəti çox yaxşıdır: “Biz rinqdən kənarda dostuq. Amma döyüşdə mən Azərbaycanı, o Kubanı təmsil edir. Bu səbəbdən də görüşdə mübarizə aparmalıyıq. Olimpiadada qızıl medal qazana bilmədim, bürünc mükafat əldə etdim. Bundan sonra artıq dünya çempionatının hazırlığına başladım. Öz üzərimdə işləyərək, qızıl medal qazandım. İnanıram ki, uğurun ardını gətirəcəyəm”.

Qeyd edək ki, Belqraddakı dünya çempionatında yığmamızın digər üzvlərindən Sərxan Əliyev (71 kq) və Məhəmməd Abdullayev (+92 kq) bürünc medal qazanıb.