17:35 08-11-2021
news_image

Məhəmməd Abdullayev: “Rəqibdən öncə hakimləri udmaq lazımdır”

“Yarışa yaxşı hazırlaşmışdım. Gedişat püşkdən də asılı idi. Hər şey yaxşı gətirdi, döyüşlər normal gedirdi”.

Apasport.az saytının məlumatına görə, bunu Belqradda keçirilən boks üzrə dünya çempionatında bürünc medal qazanan Azərbaycan millisinin üzvü Məhəmməd Abdullayev deyib.

+92 kq çəki dərəcəsində medalçılar sırasına düşən Abdullayev abf.az saytına açıqlamasında böyüklərin dünya çempionatında fəxri kürsüyə yüksəlməyin ona əlavə stimul verəcəyini bildirib: “Dünya çempionatı mənim üçün xeyirli oldu. Düzdür, çəkimdə sparrinq üçün rəqibim yoxdur. Bu mənim daha yaxşı olmağım üçün mənfi cəhətdir. Yarışlarda iştirakla döyüş keçirirəm. Yarımfinalda qələbə üçün nə çatmadı? Fikrimcə, rəqibdən öncə hakimləri udmaq lazımdır. Amma bu bürünc medal mənə əlavə stimul oldu. Qarşıda Olimpiada da var. Medal reytinq baxımından da mənə faydalıdır”.

Qeyd edək ki, Belqraddakı dünya çempionatında yığmamızın digər boksçularından Alfonso Dominqes (86 kq) qızıl, Sərxan Əliyev (71 kq) isə bürünc medal qazanıb.