09:50 10-11-2021
news_image
255
FUTBOL

275-ci sınaq: 150-ci məğlubiyyətin astanasında - STATİSTİKA

Sabah Azərbaycan millisi növbəti matçını keçirəcək.

Apasport.az saytının məlumatına görə, DÇ-2022-nin seçmə mərhələsində son oyununa çıxacaq yığmamız IX turda Lüksemburqla qarşılaşacaq.

Bakı Olimpiya Stadionunda baş tutacaq görüş komandamızın tarixində 275-ci sınaq olacaq. İlk oyununu 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 274 matça çıxıb. 

Hesabında 51 qələbə və 74 heç-heçə olan yığma 149 dəfə uduzub. Millimiz qalib gələ bilməsə, qarşılaşmada yubiley qeydə alınacaq. Belə ki, komandamız 75-ci heç-heçə və 150-ci məğlubiyyətin astanasındadır.

Futbolçularımız əvvəlki 274 qarşılaşmada 202 qol vurublar. Millimiz öz qapısından 457 top buraxıb.

Bu, millimizin baş məşqçi Canni de Byazinin rəhbərliyi altında 19-cu sınağı olacaq. İtaliyalı çalışdırıcı ilə keçirilən əvvəlki 18 matçda komandanın hesabında cəmi 2 qələbə və 5 heç-heçə var. Azarkeşlər 11 dəfə məğlubiyyətə üzülüb. Futbolçularımız bu görüşlərdə 10 dəfə fərqlənibsə, rəqiblər 25 qola seviniblər. 

İtaliyalı mütəxəssisin rəhbərliyi altında keçirilən 13 rəsmi xarakterli görüşdə 1 qələbə, 4 heç-heçə və 8 məğlubiyyət qeydə alınıb. 6 qol vuran yığma 19 top buraxıb. 

Lüksemburqla qarşılaşma rəsmi turnirlərdə 146-cı matç olacaq. Dünya və Avropa çempionatlarının seçmə mərhələləri və Millətlər Liqasında 145 oyuna çıxan komanda indiyədək 16 qələbə qazanıb, 31 heç-heçə edib, 98 dəfə isə uduzub. Rəqib qapılarına 83 qol vuran futbolçularımız indiyədək 294 top buraxıb. 

DÇ-lərdə 66-cı oyuna çıxacaq komandamızın 7 qələbəsi var. 15 heç-heçə edən milli 43 dəfə uduzub. Əvvəlki 65 oyunda 33 qola sevinən futbolçularımız 119 top buraxıb.

Qeyd edək ki, sabah keçiriləcək Azərbaycan – Lüksemburq oyunu saat 21:00-da başlayacaq.