10:42 10-11-2021
news_image
132
FUTBOL

Höccət Haqverdi: “Bu qədər mübarizəli çempionat gözləmirdim” - MÜSAHİBƏ

Azərbaycan millisinin və “Sumqayıt”ın müdafiəçisi Höccət Haqverdinin apasport.az saytına müsahibəsi

- “Sumqayıt”a qısa müddətdə uyğunlaşdınız və artıq Azərbaycan millisinə çağırılırsınız. Bura gələrkən hadisələrin belə sürətlə cərəyan edəcəyini gözləyirdiniz?
- Həqiqətən də, bura gəldikdən sonra uyğunlaşmada problem yaşamadım. Klub rəhbərliyindən tutmuş, məşqçilərimiz də daxil olmaqla hər kəs mənə yardım etdi. Milli komandada çıxış etmək isə hər bir futbolçunun arzusudur. İnşallah, mənə bəslənən ümidləri doğruldaram. Bunun üçün əlimdən gələni edirəm.

- Həm Azərbaycan, həm də İran çempionatında iştirak etmisiniz. Bu liqalar arasında nə kimi fərqlər var?
- Bura gəlməmişdən öncə Premyer Liqanı araşdırmışdım. Komanda sayı az olsa da, olduqca çətin və mübarizəli bir liqamız var. Çox maraqlı oyunlar keçir. İran çempionatında isə komanda sayı çoxdur.

- Ümumiyyətlə, Premyer Liqamızda diqqətinizi ən çox çəkən amillər hansılardır?
- Bu qədər mübarizəli çempionat gözləmirdim. Həqiqətən bütün oyunlar çox gərgin keçir. Sadəcə olaraq, komanda sayı çox olsa lap yaxşı olar.

- Bir müdafiəçi kimi, burada üz-üzə gəldiyiniz ən təhlükəli hücumçu kimdir?
- Azərbaycan Premyer Liqasında səviyyəli hücumçular çoxdur. Amma “Qarabağ”ın forvardı İbrahima Vadjinin oyununu xüsusi vurğulamalıyam.

- Artıq bir ilə yaxındır ölkəmizdəsiniz. Azərbaycan sizdə hansı təəssüratları yaradır?
- Yalnız və yalnız xoş sözlər deyə bilərəm.

Ruslan Sadıqov