12:22 10-11-2021
news_image
250
FUTBOL

Sənan Qurbanov Şamaxıya köçməyin müsbət və mənfi cəhətlərini açıqladı

“Keşlə”nin adının dəyişdirilərək Şamaxıya köçürülməsi məsələsini eşitmişdim, amma bunun dəqiqləşdiyini ilk dəfə sizdən öyrənirəm”.

Bunu apasport.az saytına açıqlamasında “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov klubun adının dəyişdirilərək “Şamaxı” adlandırılması və həmin rayona köçməsinə münasibət bildirərkən deyib.

41 yaşlı çalışdırıcı bu köçün azarkeş marağı baxımından onlara üstünlük qazandıracağını düşünür: “Şamaxının yeni tikilmiş stadionu var. Tarix konkret bilinməsə də, artıq bölgə komandası kimi çıxış edəcəyik. Fikrimcə, bu köçün bizim üçün ən böyük üstünlüyü azarkeş dəstəyi olacaq. Düzdür, son matçlarımızda azarkeşlər bizi yaxşı dəstəkləyir. Amma Şamaxıda bu dəstək daha böyük olacaq. Açığı, çoxdandır Şamaxıya getmirəm. Görünən odur ki, şərait baxımından sıxıntı olmamalıdır. Mənfi cəhətə gəlincə, Bakıya daha çox alışqanlıq var idi”.

Qurbanovun fikrincə, komandanın bölgədə çıxış etməsi əcnəbi oyunçu transferi zamanı onlara çətinlik yarada bilər: “Mən hələ “Qəbələ”də olanda da danışıq zamanı əcnəbilər komandanın Bakıda qalıb-qalmayacağını soruşurdular. Bu baxımdan bir az problem yaşaya bilərik. Amma futbola daha çox bağlı olmaq lazımdır. Şamaxıda məskunlaşacağımız üçün dincəlmək üçün daha çox vaxtımızın olacağını da unutmaq olmaz. Digər tərəfdən Şamaxı ilə Bakı arasında elə böyük məsafə də yoxdur. Kim istəsə istirahət vaxtında evinə gedə bilər. Hazırda Bakıda yaşadığımız üçün konkret fikir bildirmək çətindir. Şamaxıya köçdükdən, bunları yaşadıqdan sonra nəsə söyləmək olar”.

Baş məşqçi paytaxt təmsilçilərinin sayının azalmasının və komandaların çoxunun rayonlarda oynamasının tərəfdarı olduğunu da söyləyib: “Məncə, komandaların paytaxtda deyil, bölgələrdə çoxluq təşkil etməsi futbolumuz üçün daha yaxşı effekt verər. Bölgələrdə futbol daha maraqlıdır. Azarkeşlər tribunaları dolduracaq, ajiotaj yaranacaq, çempionatda rəngarənglik artacaq. Hazırda 6 komanda Bakıda məskunlaşır, Sumqayıt isə paytaxtdan o qədər də uzaqda deyil. Bu baxımdan bölgə təmsilçilərinin sayının artması yalnız xeyir verər”.

Qeyd edək ki, Şamaxı şəhər stadionunun istismarı ilə əlaqədar AFFA və “Keşlə” arasında müzakirələr müsbət nəticələnib. Məsələ ilə bağlı hüquqi prosedurlar başa çatdıqdan sonra 2022-ci ildə “Keşlə”nin adının dəyişdirilərək “Şamaxı” adlandırılması və ev oyunlarını Şamaxı şəhər stadionunda keçirməsi qərara alınıb.