12:28 10-11-2021
news_image
246
FUTBOL

25 illik yubileyə 4-cü adla – “tələbələr”in sərgüzəştləri

“Keşlə” ən çox ad dəyişən klublar siyahısına daxil olacaq.

Apasport.az saytının məlumatına görə, gələn ildən “Şamaxı” adlanacaq komanda 3-cü dəfə dəyişikliyə məruz qalacaq. 

Əsası 1997-ci ildə yaranan və 1999-cu ildən güclülər dəstəsində oynayan “Xəzər Universiteti”nin “tələbəlik” illəri 7 il sürüb. İntertoto kubokuna qədər yüksələn və burada mərhələ adlayan Bakı təmsilçisi 2004-cü ildə ilk dəfə adını dəyişib.

Həmin vaxtdan Azərbaycan Beynəlxalq Bankının sponsorluğuna keçən klub “İnter” adı ilə 13 il yaşayıb. İki dəfə ölkə çempionu olan, dəfələrlə mükafatçılar və avrokuboklara vəsiqə qazananlar sırasında olan klub sponsorsuz qaldıqdan sonra adını dəyişməyə məcbur olub.

2017-ci ilin oktyabrında çətin durumdan çıxmaq üçün yeni tərəfdaşlar tapan klub yeni adına qovuşub. Bakının qəsəbələrində futbola marağın artması, tribunalara daha çox azarkeşin gəlməsi məqsədilə “Keşlə” adına üstünlük verilib. Bu adla ölkə kubokunu qazanan komanda təxminən 4 ildən sonra növbəti dəfə yenilənəcək. Gələn il 25 yaşını qeyd edəcək klub yubileyi yeni adla və yeni məkanda – Şamaxıda “Şamaxı” kimi rəsmiləşdirəcək. 

Qeyd edək ki, Azərbaycan futbolunda tez-tez ad dəyişən klublar yetərincədir. AMMK, “Olimpik”, “Olimpik-Şüvəlan”, AZAL və “Şüvəlan” adlarını daşımış kluba çatması üçün “Keşlə” “Şamaxı” olduqdan sonra daha bir dəfə adını dəyişməlidir.